Dövlət əmlakının icarəyə verilməsi ilə bağlı elan edilən müsabiqəyə yekun vurulmuşdur

Dövlət əmlakının icarəyə verilməsi ilə bağlı elan edilən müsabiqəyə yekun vurulmuşdur 30.01.2019 16:25

Belə ki, komitə tərəfindən Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən 34,9 kv.m., Salyan şəhəri, Heydər Əliyev küçəsi 98 ünvanında yerləşən 60,4 kv.m. və Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən, 75,8 kv.m. qeyri-yaşayış sahələrinin icarəyə verilməsi üzrə müsabiqə elan etmişdir. 

Sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi kimi şərtlər qoyulmuşdur.

Qeyd edilməlidir ki, müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək hüququna malik olan (qanunvericiliklə məhdudiyyət müəyyən edilmiş hallar istisna olmaqla) yerli və xarici fiziki və hüquqi şəxslər  iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün sifarişçilər tərəfindən beh köçürülmüş, eləcə də ərizə və müsabiqə təklifləri təqdim edilmişdir. Müsabiqəyə çıxarılmış obyektlərin balanssaxlayıcısının və yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndələrinin də daxil olduğu Müsabiqə Komissiyalarının qərarına əsasən müraciət etmiş sifarişçilər iştirakçı statusunu əldə etmişlər.

Keçirilən hər bir müsabiqə üzrə yaradılımış Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərinə baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə icarə haqqı təklif etmiş sifarişçiyə üstünlük verilmişdir.

Səsvermənin nəticələrinə uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 25 ünvanında yerləşən sahənin icarəyə verilməsi üzrə keçirilmiş müsabiqədə aylıq icarə haqqını 200 manat məbləğində köçürülməsinin təmin edilməsini öhdəsinə götürmüş fiziki şəxs qalib elan olunmuşdur.

Müsabiqənin digər qalibi Salyan şəhəri, Heydər Əliyev küçəsi 98 ünvanında yerləşən sahənin icarəyə verilməsi üzrə keçirilmiş müsabiqədə aylıq icarə haqqını 70 manat məbləğində köçürülməsinin təmin edilməsini öhdəsinə götürmüşdür.

Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən sahənin icarəyə verilməsi üzrə keçirilmiş müsabiqədə aylıq icarə haqqını 50 manat məbləğində köçürülməsinin təmin edilməsini öhdəsinə götürmüş digər vətəndaş müsabiqənin qalibi elan edilmişdir.

Müsabiqənin şərtlərinə müvafiq olaraq, qaliblər icarəyə götürəcəyi qeyri yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş aylıq icarə haqqının dövlət büdcəsinə köçürülməsinin, habelə bağlanılacaq icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinin, balanssaxlayıcının hesabına köçürüləcək kommunal xərclərinin və digər ödəmələrin vaxtlı-vaxtında köçürülməsinin təmin edilməsini öhdəsinə götürmüşdür.