Kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin yaxşılaşdırılması, bərpası, mühafizəsi, təyinatı üzrə istifadə edilməsi məqsədilə alınmış Mobil laboratoriyalar müasir tələblərə cavab verən mütərəqqi texnologiyalarla təchiz edilib. Mobil laboratoriyalar birbaşa kəndilinin, fermerin əkin biçin işi ilə məşğul olduğu sahələrdə xidmət göstərir. Mobil Laboratoriyaların əsas məqsədi torpaqların keyfiyyət və münbitlik göstəricilərini təyin etməkdən ibarətdir. Bu laboratoriya analizləri əsasında torpaqların üzvi, mineral gübrələrə olan tələbatı təyin edilir. Bunun nəticəsində mütəxəssislərin fermerlərə, torpaq mülkiyyətçisinə bu tələbatı ödəmək üçün lazım olan gübrə normaları barədə məlumat vermək imkanı olacaqdır. Bu xidmətin bilavasitə yerlərdə göstərilməsi fermerlərin işini yüngüləşdirməyə, onların daha optimal və operativ qaydada xidmətdən yararlanmasına şərait yaradacaqdır. Qeyd edək ki, xidmətdən istənilən ucqar kənd yerlərində fəaliyyət göstərən fermerlər yararlana biləcəklər.
Komitə tərəfindən 2017–ci ildən başlayaraq Mobil laboratoriyanın köməkliyi ilə, müraciətlər əsasında torpaq mülkiyyətçilərinə, icarədarlara mobil xidmətlərin göstərilməsi nəzərdə tutulmuşdur.
Mobil laboratoriyalar müxtəlif məqsədlər üçün nəzərdə tutulan cihaz və avadanlıqlarla təchiz edilib. Bu qurğu və avadanlıqların köməyi ilə torpaqların ən vacib göstəriciləri, onların morfoloji xüsusiyyətləri yəni nəmliyi, ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, temperaturu və s. təyin olunur. Ərazidə olan zaman çöl şəraitində torpaqlardan xüsusi qurğu vasitəsilə nümunə götürülür, həmin nümunə kölgədə, havada qurudulur. Mobil laboratoriyada təchiz edilmiş elektron torpaq döyən maşında torpaq nümunəsi döyülür. Diametrləri müxtəlif olan elektron ələk dəsti aparatında avtomatik ələnir, xüsusi paketlərdə müxtəlif analizlər üçün hazırlanır. Mobil laboratoriyada olan elektron tərəzilərdən (texniki və analitik) istifadə edərək, az vaxtda istənilən nəticəni əldə etmək olar. Torpaqların hiqroskopik nəmliyi elektron cihaz vasitəsilə qısa müddətdə təyin olunur. Standart metodikalara əsaslanaraq torpağın fiziki-kimyəvi tərkibindən əlavə olaraq torpaqda olan qida maddələrinin (Azot, fosfor, kalium) keyfiyyət göstəricilərini də öyrənməyə imkan verir. Məsələn, laboratoriyaya daxil olan pH-metr avadanlığı ilə torpaqların mühiti öyrənilir ki, bu da həmin torpaqda hansı kənd təsərrüfatı bitkilərinin əkilməsi zərurətini önə çəkir. Müasir tələblərə cavab verən yeni laboratoriyalar torpaqların şorlaşma dərəcəsini, tiplərini və qrunt sularının minerallaşma dərəcələrini təyin edir, həmçinin onlardan düzgün və səmərəli istifadə edilməsinə şərait yaradır. Mobil laboratoriyada quraşdırılmış cihazlar və avadanlıqlar vasitəsi ilə standart metodikalara əsaslanaraq torpağın kimyəvi tərkibi qısa müddətdə öyrənilir.
Mobil laboratoriya vasitəsilə əldə olunan keyfiyyət göstəricilərinə görə fermerlər torpaqlarından səmərəli istifadə edəcək, məhsuldarlığın artmasına və s. faydalı nəticələrə nail olacaqlar. Bütün bu proseslər son nəticədə məhsuldarlığın yüksəlməsinə, əkin işlərinin yaxşılaşdırılmasına şərait yaradır.
Mülkiyyətlərində olan torpaq sahələrinin keyfiyyəti haqqında daha əsaslı məlumat almaq istəyən kənd təsərrüfatı sahəsində çalışan torpaq adamları Komitəyə müraciət edərək torpaqların keyfiyyəti, onların problemləri və bu problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər barədə tövsiyyələrdən yararlana bilərlər.