Bu dəfəki «Kütləvi çıxarış» kampaniyası aprelin 7-də Cəlilabad rayonun bir neçə kəndində keçirilib. Kampaniya çərçivəsində çıxarışlar bu kəndlərdə yerləşən fermer təsərrüfatlarında, əkin sahələrində çalışan vətəndaşlara iş başındaca təqdim olunub. Beləki, 100-ə yaxın vətəndaş çıxarış əldə edib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Onlar bu sənədi heç bir yerə getmədən komitənin mobil ofislərində əldə ediblər. Mövsüm ilə bağlı kəndlinin əkin biçin işləri artır. Bu isə onların sahələrdə, tarlalarda daha gərgin rejimdə işləməsi deməkdir. Odur ki, kəndlinin əmlaklarına dair çıxarışları elə iş başındaca daha rahat əldə etməsi onların vaxtını sərf edərək, uzun məsafə qət edərək rayon mərkəzlərinə, aidiyyatı qurumlara getməsinin qarşısını alır. Bu isə kənd təsərrüftaı ilə məşğul olan insanların vaxtlarını daha səmərəli şəkildə planlaşdırmağa imkan verir.
«Kütləvi çıxarış» kampaniyasının bilavasitə əkin sahələrində keçirilməsinin sosial əhəmiyyəti ilə yanaşı iqtisadi faydası da var. Beləki, kəndlinin işdən ayırlmadan çıxarış alması onların fəaliyyətinin stimullaşdırılmasına, aqrar sahədə məşğulluğun artmasına, işsizliyinin azalmasına gətirib çıxaracaq. Bu eyni zamanda məhsuldarlığın artmasına səbəb olacaq.
Çıxarışın kənd təsərrüfatında işləyənlər üçün hüquqi baxımından da əhəmiyyəti var. Beləki, bu sənəd kəndlinin əmlakının artıq dövlət tərəfindən qeydiyyata alındığının, hüquqi zəmanətli oldğunun, alqı-satqı əməliyyatlarını rahatlıqla edə biləcəklərinin sübutudur.
Vətədaşlar iş yerindən ayrılmadan çıxarış almaqla yanaşı onlar həm də komitənin hüquqi yardım xidmətlərindən də yararlanıblar. Beləki, sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımı sənədlərin hansı qrumdan alınması barədə məlumatı az olan kəndlilərin suallarını komitənin əmkdaşları cavablandırıb. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.
Qeyd edilməlidir ki «Kütləvi çıxarış» kampaniyası zamanı mobil ofislər vətəndaşların iş yerlərində, istehsalat sahələrində, mənzillərində xidmət göstərərək onları çıxarış sahibi edir. Xidmətlər zamanı sənədlərin qanunauyğunluğu yerindəcə yoxlanılır, qəbul olunur, növbəti prosedurlar ətraflı izah edilir. Bununla yanaşı daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara zəruri hüquqi məsləhətlər verilir. Ünvanlarda mobil ofislər vasitəsilə qeydiyyat xidmətlərinin təşkilində məqsəd qeydiyyat xidmətlərinin vətəndaşlara daha rahat və əlverişli üsullarla çatdırılması, daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaş məmnunluğun təmin olunmasıdır.
Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.