Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərrac elan edilib

Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı yeni hərrac elan edilib 30.01.2019 16:25

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir.  Bu əmlaklar paytaxtla yanaşı Şəmkir, İmişli, Sumqayıt, Xaçmaz, Gəncə və digər şəhər rayonlarda yerləşir.  Özələşdirilən əmlakların  bəzilərinin sahəsi 221 kv.m ilə 62995 kv.m arasında dəyişir.  Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən əmlak İmişli Yardımçı Təsərrüfatı olacaq. Belə ki, bu əmlak 500 min manata təklif edilir. Torpaq sahəsi isə 1889934,2 kv.m təşkil edir.  Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Şəmkir şəhərində yerləşən Yun Tədarükü məntəqəsi 350 min manat, Gəncədəki Təsərrüfat hesablı poliklinika 212 min 500 manat olmaqla qiyməti ilə seçilənlər sırasındadı.

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.  Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan «Mülkiyyət» qəzetində də dərc edilir.

Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi  əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib. 

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.