Zaqatala növbəti «Kütləvi çıxarış» kampaniyasının ünvanı olub

Zaqatala növbəti «Kütləvi çıxarış» kampaniyasının ünvanı olub 30.01.2019 16:25

Budəfəki  “Kütləvi çıxarış” kampaniyası 21 aprel  tarixində Zaqatala rayonu və onun bir neçə kəndində keçirilib. Keçirilən kampaniya nəticəsində 60-a yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 50-dən çox sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi  “Kütləvi çıxarış” kampaniyasını kənd təsərrüfatı ilə məşğul olunan sahələrdə, birbaşa kəndlilərin işlədikləri tarlalarda, əkin biçin yerlərində də keçirir. Kampaniya vətəndaşların  vaxtlarını daha səmərəli planlaşdırmağa, əmlaklarına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətlərindən yararlanmağa şərait yaradıb. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər. 

Kampaniya çərçivəsində daşınmaz əmlaklarına çıxarış almaq üçün müraciət edən, lakin ilkin sənədləri qaydasında olmayan və çatışmazlıqlar olan bir qrup kənd sakininə hüquqi yardım xidmətləri də göstərilib. Sənədlərin qanunvericiliyin tələblərinə uyğun olaraq qaydaya salınması və çatışmayan sənədlərin müvafiq icra hakimiyyəti orqanlarından alınması ilə bağlı hüquqi məsləhətlər verilib. Vətəndaşlar komitə əməkadaşları tərəfindən xidmət haqqı və dövlət rüsumunu əvvəlcədən öyrənməyə imkan verən “Daşınmaz əmlakın qeydiyyatı” kalkulyatoru barədə məlumatlandırılıblar. Məbləğin əvvəlcədən dəqiq bilinməsi isə sənədləşdirmə işi üçün zəruri xərcləri dəqiq planlaşdırmağı təmin edir, vətəndaş məmur münasibətlərini minumuma endirir.

Kampaniyanın müntəzəm keçirilməsi hüquqi qeydiyyatlı əmlakların sayının artmasına, paytaxtla yanaşı regionlarda da leqal əmlak dövriyyəsinin və daşınmaz əmlak bazarının aktivləşməsinə gətirib çıxarır. Sənədləşdirilmiş əmlakdan girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər.

Qeyd edilməlidir ki, “Kütləvi çıxarış” kampaniyası ilə yanaşı respublikanın hər bir bölgəsində komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara fərdi qaydada gündəlik olaraq mobil ofis xidmətləri də göstərilir Bu kampaniyalar çərçivəsində vətəndaşlara fərdi qaydada çıxarışların təqdim olunması, ilkin sənədlərin qəbulu həyata keçirilir. Məlumat üçün bildirək ki, bu il ərzində mobil ofis vasitəsilə 20 minə yaxın vətəndaşa qeydiyyat və bir sıra xidmətlər göstərilib.

Komitə tərəfindən cari il ərzində 10 “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 2-si paytaxtda 8-i isə regionlarda baş tutub. Bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.