İştirakçılar əvvəlcə Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsindəki yeniliklər, daşınmaz əmlakın qeydiyyatının optimallaşdırılması və yeni yanaşmalara əsasən yaradılmış ünvan reyestri sisteminin vahid mərkəzdən idarə edilməsi imkanları, proqram təminatları və bu sahədə tətbiq edilən innovasiyalarla tanış olublar. Müasir çağırışlara əsasən yaradılan “Əmlakın qeydiyyatı kalkulyatoru”, “Elektron çıxarış”, “Elektron hərrac”, “AzNav” Naviqasiya sistemi kimi layihələr və onların istifadə qaydaları əyani olaraq nümayiş etdirilib. Xidmətləri operativ olaraq çatdırılmasını təmin edən bu yeniliklərin iş prinsipi canlı olaraq izlənilib. Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı görülən işlər də nümayiş olunub. Məlumat verilib ki, Mərkəzdə daşınmaz əmlak, torpaq idarəçiliyi üzrə toplanan geoməkan məlumatları Milli Məkan Məlumatları Infrastrukturunun formalaşmasında baza rolunu oynayır.
Daha sonra iki qurum arasında Anlaşma Memorandumunun imzalanması tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev modern və çevik idarəetmənin təmin edilməsi ilə bağlı dövlət orqanlarına mühüm tapşırııqlar verir. Bu tapşrıqların icrası ilə əlaqədar olaraq yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xidmətlərin yeni üslübda çatdırılması istiqamətində Azərbaycan brendinə çevrilib. Əmlak Məsələləri Dövlət Komitəsi də aparılan islahatlara uyğun ardıcıl tədbirlər görür. Sədr qeyd edib ki, Komitə ilə “ASAN” xidmət arasında imzalanan memorandum iki tərəfli əməkdaşlığın genişlənməsi baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bildirib ki, memoranduma əsasən tərəflərin fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi üçün geniş platforma yaradılır. İmzalanan sənəd göstərilən xidmətlər zamanı könüllülərin cəlb edilməsinə, ixtisaslı kadrların hazırlanmasına və bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan verəcək.
Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarından irəli gələrək Əmlak Məsələləri Dövlət Komitəsi də fəaliyyət istiqamətləri üzrə innovasiyaların tətbqini genişləndirməklə Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması ilə bağlı işlərini sürətləndirir. Sistem vasitəsilə müxtəlif sahələrdə effektiv və operativ idarəetmə, səmərəli fəaliyyət üçün zəruri olan dolğun, etibarlı və çevik xarakterli elektron məkan məlumatlarından istifadə imkanları artırılır.
Fəaliyyət istiqamətlərini optimallaşdıran elektron xidmətlərin sayı da çoxaldılıb. Hazırda Komitənin fəaliyyət sahələri üzrə 32 elektron xidmət və 3 SMS, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Qeyd edilməlidir ki, Komitə tərəfindən göstərilən elektron xidmətlərdən 700 minə yaxın vətəndaş istifadə edib.
Komitənin innovativ layihəsi olan daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarışların və daşınmaz əmlakla bağlı arxivlərin elektron müstəviyə keçirilməsi, vətəndaşlara əmlaklar üzərində çıxarışların elektron formatda təqdim olunmasını mümkün etdi. Bununla əhali öz arzusuna görə çıxarışını elektron və ya kağız formada əldə edə bilir.
Qeydiyyat xidmətlərinə dair dövlət rüsumu və xidmət haqqını onlayn qaydada hesablamaya imkan verən yeniliklərdən biri Əmlakın qeydiyyatı kalkulyatoru oldu. Bundan başqa qeydiyyat sahəsində optimallıq, operativlik nəzərə alınaraq “bir pəncərə” prinsibi də tətbiq edilir. “Bir pəncərə” prinsipinin tətbiqi ilə kadastr məsələləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqlara dair rəylərin verilməsi məsələləri öz həllini tapır.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində innovasiyaların tətbiqi ilə yanaşı ardıcıl sosial layihə olan Kütləvi çıxarış» kampaniyası keçirilir və mobil ofis xidmətləri göstərilir. Komitə tərəfindən cari il ərzində paytaxt və regionlar üzrə 12 “Kütləvi çıxarış” kampaniyası keçirilib. Ümumilikdə mobil ofis vasitəsilə isə 200 minə yaxın vətəndaşa qeydiyyat və bir sıra xidmətlər göstərilib.
Komitə müasir çağrışlara uyğun olaraq özəlləşdirmə sahəsində fəaliyyətini təkmilləşdirərək Özəlləşdirmə portalı yaradıb. Ümumilikdə portaldan istifadə edənlərin sayı 700 minə yaxındır.
Komitə tərəfindən ümumilikdə 40-a yaxın açıq və şəffaf hərrac keçirilib. 1100-dən artıq əmlak hərraclarda özəlləşdirilməyə çıxarılıb. Hərraca çıxarılan əmlaka sifariş verilməsi və iştirak proseduru da elektron qaydadadır.
Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracı istifadəyə verib. Inkişaf etmiş ölkələrin praktikasına əsaslanaraq tətbiq olunan sistem dövlətə məxsus daşınar əmlakın özəlləşdirilməsini həyata keçirir. Elektron Hərracda gələcəkdə bütün növ əmlakların özəlləşdirilməsi mümkün olacaq.
Əmlak Məsələləri Dövlət Komitəsi beynəlxalaq təcrübəyə uyğun Ünvan Reyestri İnformasiya Sistemini yaratmışdır. Bu günədək qüvvədə olan "bina ünvanı konsepsiyası"ndan "giriş ünvanı konsepsiyası"na keçid edilmişdir.
Ünvan axtarışında naviqasiya sisteminin tətbiqi üçün də imkan yaradılıb. Əmlak Məsələləri Dövlət Komitəsi “AzNav” ölkənin ilk rəsmi Naviqasiya Sistemini istifadəyə verib. Sistemin 80 minə yaxın istifadəçisi var.
Daha sonra Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov xidmətlər sahəsində innovativ layihələrin icrasında Əmlak Məsələləri Dövlət Komitəsi ilə əməkdaşlığın önəmini diqqətə çəkdi. Bildirib ki, bu əməkdaşlıq vətəndaş məmnunluğunun yüksəldilməsinə, xidmətlərə əlçatanlığın artırılmasına yönəlib.
Sonda Kərəm Həsənov və İnam Kərimov iki qrum arasında göstərilən xidmətlər sahəsində məmnunluğun, şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi, innovasiyaların tətbiqi ilə bağlı əməkdaşlığa dair memorandum imzalayıblar. Memerandumda “ASAN xidmət” vasitəsilə ilə birgə özəlləşdirmə, hərraclar, Komitə tərəfindən göstərilən digər xidmətlər sahəsində yeni layihələrin reallaşdırılması, Komitə ilə Agentlik arasında mümkün məlumat bazalarının inteqrasiyasının həyata keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması məsələləri əksini tapır. Həmçinin sənəddə xidmətlərin keyfiyyətinin, səmərəliliyinin artırılması üçün tərəflərin həyata keçirdiyi müxtəlif layihələr, həmçinin göstərilən xidmətlər zamanı Dövlət Agentliyinin “Master 2” layihəsi çərçivəsində könüllülərin cəlb edilməsi, hər iki qurumdan toplanmış məlumatların müasir çağrışlara uyğun olaraq təhlili və hesabatların hazırlanması üçün işçi qrupunun yaradılması və digər əməkdaşlıq istiqamətləri qeyd edilib.