Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasında dövlət əmlakının keyfiyyət və kəmiyyəti haqqında dəqiq məlumatlar məcmusunun yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:
-
Azərbaycan Respublikasında dövlət əmlakının Registri yaradılsın.
-
Müəyyən edilsin ki:
-
Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz əmlakın qeydiyyatı aparılır;
-
Azərbaycan Respublikasında dövlət əmlakının Registri mərkəzi registrdən və yerli registrlərdən ibarətdir;
-
Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasında dövlət əmlakının Registrinin aparıcısıdır;
-
Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində — mərkəzi registr, onun yerli qurumlarında — yerli registrlər aparır.
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki:
-
iki ay müddətində «Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında» Əsasnamə layihəsini və həmin registrin aparılması üçün başqa normativ-hüquqi aktların layihələrini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etsin;
-
üç ay müddətində mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə dövlət şirkətlərinin, konsernlərinin sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakının siyahısını müəyyən edib həmin əmlakın Azərbaycan Respublikasında dövlət əmlakının Registrinə daxil edilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikası Prezidentinə məlumat versin;
-
bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
-
Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılsın ki, bu Fərmandan irəli gələn məsələləri həll etsin.
-
Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Heydər ƏLIYEV.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 1998-ci il.
№ 732.