Müxtəlif təyinatlı müəssisələrin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək

Müxtəlif təyinatlı müəssisələrin özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək 30.01.2019 16:25

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir.  Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Astara, Zərdab, Beyləqan, Şirvan və digər rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Sumqayıtda yerləşən 22 saylı mağaza, Şirvanda olan Yardımçı təsərrüfat, Şəkidəki İdman Sağlamlıq Mərkəzi kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Şirvanda olan Yardımçı təsərrüfatdır. 157 min 500 manata təklif olunan müəssisənin torpaq sahəsi 150 min kv.m, ümumi faydalı sahəsi isə 200 kv.m-dir. Bundan başqa Bakıda yerləşən 20 saylı mağaza 135 min manata, paytaxtın Sabunçu rayonunda olan Respublika Baytarlıq Sanitar dezinfeksiya Dəstəsi 134 min manata hərraca çıxarılıb.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında paytaxtın Gəncə şəhərində yerləşən 40 saylı yeməkxananı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün iaşə sahəsində yaxşı qazanc deməkdir..

Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 69-u paytaxtda, qalanları isə regionlarda yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxın Səbail rayonunda  yerləşən qeyri-yaşayış binasına təklif olunub. Belə ki, bu əmlak 230 min manat start qiyməti ilə hərraca çıxarılıb. Həmin əmlakın ümumi faydalı sahəsi 300 kv.m-ə yaxındır. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 12 kv.m ilə 1941 kv.m arasında dəyişir.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Suraxanı rayonunda yerləşən, sahəsi 18 kv.m olan qeyri yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti  3 min 500 manat təşkil edir. Həmçinin Sumqayıtda yerləşən sahəsi 60 kv.m, ilkin start qiyməti 6 min  manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Zaqatala Fındıq”, “Sabirabad Mexanikləşdirmə”, “Ağsu Sənaye İnşaat”, “Lənkəran Taxıl”, “Beyləqan Buzxana ”, “Əli Bayramlı Kəndnəqliyyat ” kimi səhmdar cəmiyyətlər var.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.