Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilmişdir. Azərbaycan Respublikasının müvafiq nazirlik və təşkilatlarının nümayəndələrinin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər iki iddiaçı iştirakçı statusunu əldə etmişdir.
Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə 16 may 2014-cü il tarixində baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Səsvermənin nəticələrinə əsasən, “Qorqud Assosiasiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
Müsabiqənin şərtlərinə uyğun olaraq, müsabiqə qalibi 80 000 manat məbləğində pul vəsaitinin dövlət büdcəsinə köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən 1 mərhələ üzrə 6 ay ərzində 400 000 manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürmüşdür. Nəzərdə tutulan investisiyalar, əsas etibarilə, inzibati bina və müəssisənin ərazisində yerləşən üç anbarda təmir işlərinin aparılması, inzibati binanın mebel və ofis avadanlıqları ilə təchiz edilməsi, seçiləcək bəzi anbarlarda topdansatış bazaları, logistika xidmətlərinin təşkili və mal ehtiyatının yaradılması, zəruri avadanlıq və texnikaların alınması və infrastruktur təminatının (işıq, su, kanalizasiya) yaxşılaşdırılmasına sərf ediləcəkdir.
İnvestisiya Proqramına əsasən, investisiya fəaliyyəti dövründə yeni iş yerlərinin açılması da nəzərdə tutulmuşdur.