Bu tədbirlərin əsas məqsədi vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, qeydiyyat xidmətlərinin modernləşdirilməsi, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, şəffaflıq və əlçatanlığın artırılmasıdır.
Qeyd edilməlidir ki, Komitə xüsusi olaraq bayram ərəfələrində vətəndaşları sevindirəcək yeni layihələrlə, işlərlə ictimaiyyətin qarşısına çıxır. Ənənəsinə sadiq qalan Əmlak Məsələləri Dövlət Komitəsi müsəlman aləmi üçün müqəddəs olan Qurban bayramı ərəfəsində də «Kütləvi çıxarış» kampaniyasını keçirib. Kampaniya bu dəfə avqustun 30-da Balakən rayonu və bir neçə kəndində baş tutub. Tədbirin xüsusilə bu günlərdə keçirilməsi sakinlərin bayram əhval-ruhiyyəsini artırıb. Keçirilən kampaniya nəticəsində 100-ə yaxın rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Kampaniya çərçivəsində mobil ofislərə müraciət edən 50-dən çox sakindən isə öz əmlaklarına dair çıxarış almaq üçün ilkin hüquq müəyyənedici sənədlər qəbul edilib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib.
“Kütləvi çıxarış” kampaniyası təkcə sənədlərin qəbulu və çıxarışların paylanmasını nəzərdə tutmur. Kampaniya zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan 30-a yaxın sakinə bir başa yerlərdə hüquqi xidmət göstərilib. Bundan başqa bütün hallarda vətəndaşlara əmlakın qeydiyyatının faydaları, üstünlükləri, rahatlıqları barədə məlumatlar verilib. Həmçinin kampaniya çərçivəsində Komitənin əməkdaşları Əmlakın qeydiyyatı kalkulyatorundan bəhs ediblər. Bildirilib ki, bu kalkulyator vasitəsilə daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat almaq mümkündür.
Qeyd edilməlidir ki, əmlakın ilkin qeydiyyatı, yəni ilk dəfə sənədləşdirilməsi zamanı çöl-ölçmə işinin aparılması tələb olunur. “Kütləvi çıxarış” kampaniyasında isə işlər elə təşkil edilib ki, ilkin qeydiyyat üçün sənədlər qəbul edilərkən, sakinlərin istəklərinə uyğun ilkin qeydiyyat üçün birbaşa olaraq çöl-ölçmə işləri də aparılır. Bununla da qeydiyyat prosesində vaxt itkisi tamamilə aradan qaldırılır. Məhz bu kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədilə tədbirlər görülür.
Kampaniyanın müntəzəm keçirilməsi hüquqi qeydiyyatlı əmlakların sayının artmasına, paytaxtla yanaşı regionlarda da leqal əmlak dövriyyəsinin və daşınmaz əmlak bazarının aktivləşməsinə gətirib çıxarır. Əmlakdan girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər.
“Kütləvi çıxarış” kampaniyası ilə yanaşı respublikanın hər bir bölgəsində Komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara fərdi qaydada gündəlik olaraq mobil ofis xidmətləri də göstərilir. Bu kampaniyalar çərçivəsində vətəndaşlara fərdi qaydada çıxarışların təqdim olunması, ilkin sənədlərin qəbulu həyata keçirilir. Məlumat üçün bildirək ki, bu il ərzində mobil ofis vasitəsilə 40 minə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Qeyd edilməlidir ki, Komitənin göstərdiyi xidmətlərdə “bir pəncərə” prinsipini tətbiq etməklə də rahatlıq və operativlik təmin edilir. “Bir pəncərə” prinsipi sayəsində bələdiyyələr, vətəndaşlar, fiziki və hüquqi şəxslər onlara məxsus daşınmaz əmlakı və torpaq sahələrini yalnız bir ünvanda – komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində qeydiyyata aldıra bilirlər.
Cari il ərzində 15 “Kütləvi çıxarış” kampaniyası keçirilib. Bunlardan 2-si paytaxtda, 13-ü isə regionlarda baş tutub.
Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.