Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Mingəçevir şəhərində vətəndaş qəbulu keçirib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Mingəçevir şəhərində vətəndaş qəbulu keçirib 22.02.2019 10:17

Vətəndaşların fərdi müraciətlərini diqqətlə dinləyən komitə sədri bütün məsələlərin qanunvericiliyə uyğun olaraq həlli istiqamətində tapşırıqlarını verib. Bəzi müraciətlər dərhal həll edilib. Araşdırılma tələb edən müraciətlər nəzarətə götürülüb və onların həlli istiqamətində struktur bölmələrin rəhbərlərinə müvafiq göstərişlər verilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə göndərilməsi üçün qeydiyyata alınıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxmənzilli bina sakinlərinin mənafelərinin qorunmasına, humanizm prinsiplərinə əsaslanan “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” məlum fərmanından bəhs edilib. Komitə sədri bildirib ki, sosial prinsiplərə söykənən fərman vətəndaş məmnunluğuna, onların sadə yollarla mülkiyyətini qeydiyyata almasına, leqal əmlakların sayının artmasına istiqamətlənib. Bu fərmanla 400-dən artıq yaşayış kompleksinin 50 mindən artıq sakinin əmlak hüququnun rəsmiləşməsi imkanı yaranacaq. Belə ki, qeydiyyat orqanından asılı olmayan səbəblərdən qeydiyyat sənədi verilə bilmədiyi halda, qeydiyyatdan əvvəlki maneələr aradan qaldırılacaqdır. O da qeyd edilib ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində qanunvericilik bazası təkmilləşdirilib, mülkiyyət hüququ əldə etmək üçün tələb olunan sənədlərin siyahısı genişləndirilib.

Komitə sədri qeyd edib ki, bu fərmanla on minlərlə vətəndaşın əmlak hüququnun rəsmiləşməsinə imkan yaranacaq. Belə ki, qeydiyyat orqanından asılı olmayan səbəblərdən qeydiyyat sənədi verilə bilmədiyi halda, qeydiyyatdan əvvəlki maneələr aradan qaldırılacaqdır. 

Qəbul zamanı komitə sədri vətəndaşlara göstərilən bütün xidmətlərdə məmnunluğun, çevikliyin və şəffaflığın təminatı istiqamətində görülməli işlərlə bağlı komitənin ərazi idarələri və tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. Komitə sədri bildirib ki, hər bir vətəndaş müraciətləri operativ formada həll olunmalı, vətəndaş maraqları qanunvericiliyə uyğun olaraq tam təmin olunmalıdır.

Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.