Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması sahəsində işlər davam etdirilir. Müasir, innovativ texniki imkanların və beynəlxalq təcrübənin istifadəsi ilə bəzi regionlarda kadastr işləri yekunlaşıb. Artıq elektron kadastr uçotu sisteminə Şəmkir rayonu ilə bağlı məlumatlar da daxil edilib. Fevralın 22-si tarixində Şəmkirdə bu sahədə görülən işlər, əldə olunan nəticələr və rayon üzrə torpaqların real vəziyyətini əks etdirən sistemin istifadə qaydaları barədə tədbir keçirilib. İctimai təqdimatda komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Təqdimatda layihənin üstünlükləri, əldə olunan nəticələrin torpaq idarəçiliyində rolu, gələcək perspektivləri və vətəndaş üçün yaradacağı imkanlar müzakirə olunub.
Şəmkir rayonunda torpaqların elektron kadastr uçotu işlərinin yekunlaşması ilə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin də dəqiq sərhədləri, istifadə təyinatı və miqyası müəyyənləşib. Tədbir çərçivəsində uçot işinin nəticəsi olaraq hazırlanmış Şəmkir rayonunun bələdiyyə, həmçinin torpaqların bonitirovka və iqtisadi qiymətləndirmə xəritələri də nümayiş etdirilib.
Uçot işləri nəticəsində Şəmkir rayonunun bələdiyyə hüdudları daxilində 130,2 min hektar torpaq sahəsinin mövcudluğu müəyyən olunub. Bəlli olub ki, bu ərazidən 10 min hektarı dövlət, 81min hektarı bələdiyyə, 39,2 min hektarı xüsusi mülkiyyətdə olan torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 97,5 min hektara yaxını (74,8 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 39,1 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahəsinin cəmi 33,5 min hektar olduğu halda, elektron uçotu nəticəsində müxtəlif uqodiyaların hesabına onun həcminin artaraq 39,1 min hektara çatdığı müəyyən edilib. Uçot işləri zamanı həmçinin müəyyən edilib ki, torpaq payı almış ailələrdən 64 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin torpaqların uçotu zamanı kənd təsərrüfatına yararlı sahələrdə yerləşən özbaşına salınmış tikili və qurğular barədə də müfəssəl məlumatlar əldə edilib. Belə ki, həmin ərazilərdə 4986 tikili və qurğuların (bundan 196-sı dövlət mülkiyyətində, 2766-sı bələdiyyə mülkiyyətində, 2027-si xüsusi mülkiyyətdə) olduğu aşkar olunub.
Torpaqların elektron kadastr uçotu nəticəsində vətəndaşların istifadəsinə verilmiş pay torpaqları ilə bağlı dəqiq məlumatlar əldə olunub. Əldə olunan kadastr nəticələri torpaqların hüquqmüəyyənedici sənədlərdəki texniki göstəriciləri ilə bağlı uyğunsuzluqları nizama salmağa şərait yaradır. Bundan başqa informasiya bazası baş verən qeyri-qanuni halların daha tez müəyyən edilməsi və aradan qaldırılmasına imkan verir.