Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci ilin ilk 9 ayı ərzində 130 mindən çox müraciət daxil olub və cavablandırılıb. Ümumilikdə isə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 600 minə yaxın elektron xidmət göstərilib.
Komitənin təqdim etdiyi elektron xidmətdən 24-ü daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 1-i isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 29-u interaktiv, 7-i isə informativ xidmətlərdir.
Əhalinin geniş şəkildə müraciət etdiyi daşınmaz əmlakın qeydiyyatı sahəsindəki elektron xidmətlərdən daha intensiv şəkildə istifadə edilir. Bütün əmlak əməliyyatların “bir düymədə” yerinə yetirilmək imkanı vətəndaşların bu sahədə yarana biləcək çətinliklərinə son qoyur.
Daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat almaq imkanı bu sahədə şəffaflığı daha da artırıb. Bu məqsədlə Komitənin rəsmi emdk.gov.az səhifəsində “Əmlakın qeydiyyatı kalkulyatoru” istifadəyə verilib. Məbləğin əvvəlcədən dəqiq bilinməsi istifadəçilər tərəfindən maliyyə vəziyyətinin planlaşdırılmasına, xərclərin əvvəlcədən hesablanmasına və vaxt itkisinin aradan qaldırılmasına şərait yaradır.
Vətəndaşların marağına səbəb olan daha bir xidmət Daşınmaz əmlak barədə dövlət reyestrindən məlumatların verilməsidir. E-emdk.gov.az portalına daxil olan istifadəçilər müvafiq bölməyə keçərək ( 36-cı xidmət) çıxarışın reyestr və qeydiyyat nömrələrini doldurmaqla əmlakın hüquqi və texniki statusu haqqında ətraflı informasiya əldə edirlər. Bu isə məkan məfhumunu aradan qaldırmaqla mülkiyyətçilərə əmlaklarına dair onlayn qaydada məlumat alması imkanını yaradır.
Hazırda çoxmərtəbəli yaşayış binasından mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə bilirlər. Bunu reallaşdıran “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlanan elektron xidmət vətəndaşların razılığına səbəb olub. Yeni xidmətdən istifadə etmək üçün komitənin emdk.gov.az rəsmi internet səhifəsində «Elektron xidmətlər» bölməsinə daxil olaraq adı çəkilən xidməti seçmək lazımdır. İstifadəçi, ölkə üzrə onu maraqlandıran şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin (MTK-nın) adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub olmadığı haqda məlumatı elektron qaydada real vaxt rejimində əldə edə bilir. Bu qeydiyyat sahəsində mövcud risklərin minimuma endirilməsinə, daşınmaz əmlak sahibləri arasında yarana biləcək problemlərin aradan qaldırılmasına şərait yaradır. Habelə mənzil alarkən müvafiq qurumlara əlavə müraciətlərin qarşısını alır.
Əhalinin işini sadələşdirən yeniliklərdən biri olan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidməti alınan mənzillərin qiymətinin əvvəlcədən bazar dəyərlərinə uyğun onlayn rejimdə öyrənmək imkanı yaradır. Nəticədə qiymətlə bağlı vətəndaşın səhv yönləndirilməsi kimi problemlər minimuma enir, həmçinin onlar maliyyə resurslarını əvvəlcədən planlaşdırmaqla vəsaitlərinə rahatlıqla özləri qərar verə bilir
Vətəndaşlara çıxarışların elektron formada təqdim edilmə imkanı da yaradılıb. Bu Komitənin istifadəyə verdiyi Elektron çıxarış sistemi vasitəsilə həyata keçirilir. Sistem sayəsində kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.
Vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1)-i notariuslarda real vaxt rejimdə əldə edirlər. Bundan ötrü ərazi qeydiyyat ofislərinə müraciət etməyə ehtiyac qalmayıb. Həmçinin daşınmaz əmlaka dair təkrar bazarda rəsmiləşmiş alqı-satqı müqavilələri birbaşa olaraq onlayn rejimdə ərazi qeydiyyat ofislərinə göndərilir.
Qeyd olunanlarla yanaşı daşınmaz əmlaka dair çıxarışların verilməsi, texniki sənədlərin tərtibi üçün sənədlərin qəbulu, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi kimi elektron xidmətlərdə mövcuddur.
Hazırda ölkəmizdə dövlət əmlakının özəlləşdirilməsi və onun idarə edilməsi elektron üsullarla həyata keçirilir. Özəlləşmə sahəsində tətbiq olunan yeniliklər isə vətəndaşların prosesə marağını artırıb.
Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən səhmdar cəmiyyətlərin, kiçik dövlət müəssisələrin, istifadəsiz qeyri-yaşayış sahələrinin hərraclarında da elektron xidmətlər mövcuddur. Belə ki, hərraclarda qeydiyyatdan keçmək, əmlaka dair sifariş vermək, 10 faiz behi ödəmək elektron qaydada həyata keçirilir. Bu isə özəlləşmə prosesində operativliyi təmin etməklə vətəndaş məmnunluğunu artırır.
Eyni zamanda bu sahədə innovativ yenilik olan Elektron hərrac insanları vaxt itirmədən əmlak sahibi edir. Sistem məkan məfhumunu aradan qaldırır. Yəni, vətəndaş hərrac günü mənzilini tərk etmədən internet vasitəsilə onlayn olaraq sifariş verdiyi əmlakın hərracına qoşula bilir. Nəticədə özəlləşdirmə prosesi avtomatlaşdırılır, hər bir şəxs istənilən yerdən hərraca qoşulur. Bununla da sərmayəçilər, biznes qurumları daha çevik üsullarla özəlləşdirmədə iştirak edə bilir Sistemin əsas üstünlüklərindən biri vətəndaşın sifarişçi qismində qatılmadan da hərracın gedişatını real vaxt rejimində izləmək imkanın olmasıdır. Bunun üçün qeydiyyatdan keçmək tələb edilmir. Nəticədə alıcı işini rahatlaşdırmaqla əvvəlcədən hərracdan əyani tanış olur. Bunun üçün qeyd olunan linkə keçid etmək kifayətdir: https://e-emdk.gov.az/eHerrac/Home/Presentation
İlk rəsmi naviqasiya sistemi “AzNav”-ın istifadəsi də vətəndaşların razılığına səbəb olub. Hazırda sistemin 180 minə yaxın istifadəçisi var.
Komitənin faydalı xidməti olan 3 SMS xidməti də vətəndaşların aktiv istifadəsindədir. Belə ki, onlar mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqını, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi imkanını əldə edirlər. Komitənin SMS xidmətlərindən istifadə üçün hər hansı qeydiyyatdan keçməyə ehtiyac yoxdur və elektron imza tələb olunmur.
Əmlak Məsələləri Dövlət Komitəsi gələcəkdə də sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alaraq, elektron xidmətlərin sayı artıracaq, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində işlərini davam etdirəcək.