Forumun əsas məqsədi müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi sahəsində tətbiq olunan yeni yanaşmalar, müasir üsullar haqqında məlumatlandırmaq və onları özəlləşmə prosesinə aktiv şəkildə cəlb etməkdir. Eləcə də regionlarda fəaliyyət göstərən iş adamlarını dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, hazırda özəlləşdirməyə açıq olan müəssisələr barədə maarifləndirməkdir.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdirinin müavini Yalçın Camalov çıxış edərək bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” imzaladığı Fərmanına əsasən müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmə prosesi sürətləndirilir. Strateji yol xəritələrində də göstərildiyi kimi özəlləşmə prosesinə investorların aktiv cəlb edilməsi bu sahənin statistikasının iqtisadi göstəricilərdə müsbət olması istiqamətində mühüm tədbirlər reallaşdırılır.
Hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla sırf bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar vasitəsi ilə satışa yönəldilir. Bu zaman dövlət əmlaklarının altında yerləşən torpaq sahələri həmin əmlakların bazar dəyərinə daxil edilməklə birlikdə özəlləşdirilir. Məqsəd sahibkarların müvafiq əmlakları Komitənin təşkil etdiyi hərrac və müsabiqələrdən daha rahat formada əldə etməsidir. Yeni yanaşmalara uyğun olaraq, cari ilin 4 ayı ərzində 60-a yaxın hərrac keçirilib, 180-ə yaxın iri, orta və kiçik dövlət müəssisələri özəlləşdirilib.
Daha bir əhəmiyyətli məqam isə özəlləşdirmə prosesinin şəffaflığının təmin olunması və özəlləşdirilən müəssisələr haqqında məlumatların ictimaiyyətə əvvəlcədən və tam açıqlanmasıdır. Özəlləşmədə iştirak etmək istəyən şəxs komitənin saytı, xüsusən bu məqsədlər üçün yaradılmış Özəlləşdirmə portalı, habelə “Mülkiyyət” qəzeti və “Daşınmaz əmlak” jurnalı vasitəsilə müvafiq müəssisə və obyektlər haqqında tam dolğun məlumatlar əldə etmək imkanına malikdir.
Özəlləşdirmə portalı vasitəsilə geniş ictimaiyyətə və investorlara özəlləşdirilməyə çıxarılan dövlət əmlakları barədə indi daha geniş və təfərrüatlı məlumatlar təqdim olunur. Portaldan istifadə edənlərin sayı artıq 2,3 milyona yaxınlaşmışdır. Bu isə, öz növbəsində, ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesinə və açıq hərraclara olan marağın göstəricisidir.
Bu sahənin tam olaraq elektron müstəviyə keçməsi, Elektron hərracın tətbiqi, hərracları onlayn izləmək imkanı investorların marağını daha da artırıb. Belə ki, qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq 30-a yaxın vətəndaş olduğu məkanı dəyişmədən hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 280-ə yaxını isə elektron şəkildə həyata keçirilib. Özəlləşmə ilə əlaqədar keçirilən hərracların elektron müstəviyə keçirilməsi investorların aktivliyini artırmaqla prosesi rəqabətli edir. Ümumilikdə hərracların 170-ə yaxını rəqabətli şəkildə baş tutub. Bunun 40-a yaxını cari ilin payına düşür.
Bildirilib ki, investisiya müsabiqələri vasitəsilə özəlləşən müəssisələr də ölkənin iqtisadi gücünə töhfə verir. Müəssisələrin fəaliyyəti bərpa olunmaqla rəqabət qabiliyyətli məhsul istehsal edilir, yeni iş yerləri açılır. Əcnəbi sərmayəçilərin özəlləşmə prosesində iştirakını təmin etmək məqsədilə mütəmadi olaraq xarici ölkələrdə forumlar keçirilir, təbliğat, maarifləndirmə işləri aparılır.
Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakimiyyəti və Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələri bölgələrimizdə investisiya yatırımları üçün münbit şəraitin olduğunu, hazırda özəlləşmə prosesinə sahibkarların marağının artdığını vurğulayıb. Bildirilib ki, özəlləşdirmə ilə bağlı keçirilən hərraclar prosesin sürətlənməsinə şərait yaradıb.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Şəki-Zaqatala iqtisadi rayonunda özəlləşdirmə sahəsinə investisiya imkanları” mövzusunda təqdimat edilib. Təqdimatda özəlləşdirmə prosesində tətbiq olunan yeni innovativ üsullar, hərrac və müsabiqələrdə iştirak qaydaları, özəlləşdirməyə çıxarılacaq müəssisələr barəsində məlumat verilib. Şəki-Zaqatala iqtisadi rayonunda özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrin biznes portfeli, iqtisadi göstəriciləri, bazardakı mövqeyi ilə bağlı məlumatlar investorlara çatdırılıb. Bildirilib ki, Şəki şəhəri və ətraf rayonlar üzrə 32-si xidmət, 7-si istehsal, 6-sı təhsil, 2-si turizm, 1-i tikinti olmaqla 48 dövlət müəssisəsi özəlləşməyə açıq elan edilib.
Sonda özəlləşdirmə prosesi ilə bağlı sahibkarları maraqlandıran çoxsaylı suallar komitə nümayəndələri tərəfindən cavablandırılıb. Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə tədbirlər gələcəkdə digər iqtisadi rayonlarda da keçiriləcək.