Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əmlak Məsələləri Dövlət Komitəsi Sabirabadda daşqından sonra inşa edilən evlərə çıxarışlar verib

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Əmlak Məsələləri Dövlət Komitəsi Sabirabadda daşqından sonra inşa edilən evlərə çıxarışlar verib 30.01.2019 16:25

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi də vətəndaşlara göstərilən xidmətlərdə rahatığın, əlçatanlığın təmin edilməsi məqsədilə sosial yönümlü tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirir. Komitənin faəliyyətinin əsas istiqaməti bu sahədə vətəndaş məmnuniyyətinin artırılması, daşınmaz əmlakın qeydiyyatının maksimum sadələşdirilməsi, şəffaflığın təmin edilməsidir. Bunu nəzərə alan Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində də vətəndaş məmnunluğuna yönələn daha bir fərqliliyə imza atıb. Belə ki, Komitənin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib. Artıq qeydiyyat ərazi ofisləri bazar ertəsini də iş günü kimi elan edir.

Sabirabadda keçirilən kampaniya çərçivəsində 100-dən artıq rayon sakininə birbaşa yaşadıqları ərazilərdə əmlaklarına dair çıxarışlar təqdim olunub. Verilən çıxarışlar əsasən fərdi yaşayış evlərini əhatə edib. Kampaniya vətəndaşların vaxtlarını daha səmərəli planlaşdırmağa, əmlaklarına sənəd almaq üçün əlavə ünvanlara getmədən qeydiyyat xidmətlərindən yararlanmağa şərait yaradıb. Sakinlər sənədləşdirmənin belə sürətli və rahat şəkildə olmasından, xidmətlərin onların ünvanına çatdırılmasından və göstərilən müxtəlif növ qeydiyyat xidmətlərindən razılıqlarını ifadə ediblər.

Vətədaşlara yerlərdə çıxarışlar təqdim olunmaqla yanaşı, həm də hüquqi yardım xidmətləri də göstərilib. Belə ki, sənədlərində hər hansı çatışmazlığı olan, qeydiyyat prosesinin ardıcıllığını bilməyən, lazımi sənədlərin hansı qurumdan alınması barədə məlumatı az olan əhalinin suallarını Komitənin əməkdaşları cavablandırıb.

“Kütləvi çıxarış” kampaniyası zamanı evlərin ilkin qeydiyyatının aparılması vətəndaşların işini olduqca sadələşdirir. Belə ki, əmlakın ilkin qeydiyyatı, yəni ilk dəfə sənədləşdirilməsi zamanı çöl-ölçmə işinin aparılması tələb olunur. “Kütləvi çıxarış” kampaniyasında isə işlər elə təşkil edilib ki, ilkin qeydiyyat üçün sənədlər qəbul edilərkən, sakinlərin istəklərinə uyğun ilkin qeydiyyat üçün birbaşa olaraq çöl-ölçmə işləri də aparılır. Bununla da qeydiyyat prosesində vaxt itkisi tamamilə aradan qaldırılır. Məhz bu kampaniya çərçivəsində də bir sıra sakinin əmlaklarının texniki parametrlərinin müəyyən edilməsi və texniki sənədlərinin hazırlanması məqsədilə tədbirlər görülür.

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyasını kənd təsərrüfatı ilə məşğul olunan sahələrdə, birbaşa kəndlilərin işlədikləri tarlalarda, əkin biçin yerlərində də keçirir. Belə xidmətlər əhalinin bir başa iş yerlərində də göstərilir. Kampaniya müəssisələrdə keçirilməklə çoxlu sayda işçiləri və böyük kollektivi əhatə edir. Eyni zamanda bu sosial tədbir paytaxtda hündürmərtəbəli binalarda keçirilir. Kampaniya vətəndaşların vaxtlarını daha səmərəli planlaşdırmağa, iş rejiminin pozulmamasına, əlavə ünvanlara getməməsinə imkan verir.

Xatırladaq ki, Komitə tərəfindən bu ilin sonunadək paytaxt və regionlarda mobil ofis xidmətləri, həmçinin “Kütləvi çıxarış” kampaniyası davam etdiriləcək.