“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daha bir istismara icazə verilən binada səyyar xidmət göstərilib

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində daha bir istismara icazə verilən binada səyyar xidmət göstərilib 07.05.2019 08:45

Məqsəd vətəndaş məmnunluğunun təmin edilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, vətəndaş-məmur ünsiyyətinin azaldılması, o cümlədən vaxt itirmədən rahatlıqla əmlakların rəsmi qeydiyyata alınmasıdır. Həmçinin qeydiyyat prosedurlarının sadələşdirilməsi, sosiallıq prinsipinin təmin edilməsi əsas vəzifələrdəndir.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində 90-a yaxın sakindən birbaşa olaraq yaşadıqları yerdə əmlaklarına dair ilkin sənədlər toplandı. Eyni zamanda belə bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirildi. Maarifləndirmə çərçivəsində vətandaşlara bildirildi ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edəcək. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalına yerləşdiriləcək. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndəriləcək. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilir.  

Qeyd edilməlidir ki, müvafiq Fərmanın imzalanma tarixindən bu günə kimi bir neçə yeni binada yerləşən 315 mənzilə dair çıxarışlar sahiblərinə təqdim edilib. Həmin binalar Bakının Səbail, Nəsimi, Yasamal, Xətai, Nərimanov, Nizami rayonlarında yerləşir.   

Məlumat üçün bildirilməlidir ki, adıçəkilən Fərmanın icra mərhələsində vətəndaşlar həm mobil ofislərə, həm də öz istəklərinə uyğun olan müvafiq quruma müraciət etməklə mənzillərini operativ qaydada qeydiyyata aldıra və sənədlərini əldə edə bilərlər. Proses davamlı olaraq həyata keçiriləcək.