Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xilaskarlıq missiyasından danışdı. Həmçinin vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə verdiyi taleyüklü qərarlardan və atdığı tarixi addımlardan söhbət açdı.
Qeyd edildi ki, ulu öndər Azərbaycana rəhbərlik etdiyi 30 ildən artıq tarixi dövrdə ölkəmizin iqtisadi tərəqqisi yüksək həddə çatdı, Azərbaycan keçmiş ittifaq miqyasında nüfuz qazandı, beynəlxalq səviyyədə tanındı. Ümummilli lider Azərbaycan Respublikasının gələcək inkişafını demokratik və dünyəvi dəyərlərə söykənən sistemlər üzərində qurdu.
Müstəqil Azərbaycanın yeni iqtisadi modelinin köklü mülkiyyət islahatları bazasında formalaşması zəruriliyini əsas götürən ulu öndər mülkiyyətin müxtəlif formalarının mövcudluğunu təsbit etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Respublikasında əsaslı iqtisadi islahatlar aparıldı, o cümlədən mülkiyyət islahatları strategiyası hazırlandı, mülkiyyətin transformasiyası həyata keçirilməyə başladı. Bu istiqamətdə müvafiq normativ-hüquqi aktlar qəbul olundu və qanunvericilik bazası təkmilləşdirildi.
Daha sonra könüllülər və gənc kadrlar üçün ulu öndərin dövründə həyata keçirilən mülkiyyət islahatlarından bəhs edən çıxışlar oldu. “Heydər Əliyev və torpaq islahatları”, “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları: dövlət əmlakının özəlləşdirilməsi – məqsədlər və nəticələr”, “Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı” adlı təqdimatlar edildi.
Bildirildi ki, ulu öndərimizin uğurla həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsi olaraq ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar olduqdan sonra, iqtisadi islahatlara, o cümlədən onun mühüm istiqamətlərindən biri olan dövlət əmlakının özəlləşdirilməsi prosesinə start verilmişdir. Ulu Öndərin qəbul etdiyi özəlləşdirmə proqramının başlıca məqsədləri iqtisadiyyatın gələcək inkişafı və dirçəlişi, bazar iqtisadiyyatı sisteminin bərqərar olması və normal fəaliyyəti üçün təməl şərtlərin yaradılması hesab edilmişdir. Qeyd edildi ki, ulu öndər əmlak idarəçiliyi sahəsində daşınmaz əmlakın qeydiyyatının həyata keçirilməsi üçün müvafiq qanunvericilik bazası formalaşdırdı. Vətəndaşların mənzil hüquqlarının qorunması məqsədilə “Mənzil Məcəlləsi” qəbul edildi. Qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə üsulları müəyyən olundu. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi torpaq idarəçiliyində də uğurlu islahatlar həyata keçirilərək vətəndaşlara pay torpaqları verildi.
Tədbirdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən milli dövlətçiliyimizin inkişafı naminə həyata keçirilən uğurlu islahatlar və nailiyyətlər qeyd edildi. Bildirildi ki, hazırda dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı islahatlar çərçivəsində əmlak idarəçiliyi sahəsində innovativ layihələr, modern yanaşmalar tətbiq edilir. Müxtəlif sahələr üzrə özəlləşdirilmiş müəssisələr regionlarda uğurla fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən uğurlu iqtisadi islahatlar çərçivəsində torpaq idarəçiliyinə, ünvan reyestrinin aparılmasına, daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsinə, xidmətlərə olan əlçatanlığın artırılmasına xüsusi diqqət ayrılıb. Son bir neçə ildə görülmüş işlərin nəticəsidir ki, Doing Business hesabatlarında Azərbaycan əmlak idarəçiliyi sahəsində ön sıralardadır.
Bundan başqa Birinci vitse-prezident xanım Mehriban Əliyevanın sosial sahələrlə yanaşı, iqtisadi sferalarda həyata keçirdiyi genişmiqyaslı işlərdən danışıldı. Heydər Əliyev Fondunun reallaşdırdığı irimiqyaslı layihələrdən bəhs edildi.
Sonda könüllülərin çıxışları oldu və sualları cavablandırıldı.