Əmlak Məsələləri Dövlət Komitəsi indiyədək keçirilən ən geniş mobil qeydiyyat xidmətini reallaşdırır. Belə ki, vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin edilməsi, xidmətlərdə əlavə təmasın olmaması, o cümlədən qeydiyyat xidmətlərinin birbaşa olaraq vətəndaşlara çatdırılması istiqamətində işlər intensiv xarakter almaqdadır. Qeydiyyat xidmətlərinin ünvanda göstərilməsi vətəndaş məmnunluğunun atırılmasına yönəlib. Bu məqsədlə mayın 8-dən etibarən Abşeronun Masazır qəsəbəsində yerləşən "İlin dörd fəsli Mənzil-Servis" MTK-ya məxsus yeni inşa edilmiş bina sakinlərinə yaşadıqları məkanda səyyar xidmət göstərilir. Vətəndaşların arzusunda olduğu çıxarışın əldə olunması üçün onlardan ilkin sənədlər toplanır. Bu kampaniya mayın 15-nə kimi davam edəcək.
Qeyd edilməlidir ki, mobil qeydiyyat xidməti 52 binanı əhatə edir və 2522 sakindən ilkin sənədlər toplanır. Eyni zamanda belə bina sakinləri və MTK üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Maarifləndirmə çərçivəsində vətandaşlara bildirilib ki, onlar şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışı təqdim etməklə çıxarışa sahib ola bilər. Sözügedən sənədlərin vətəndaşlara verilməsi barədə MTK-ya tövsiyə olunub.
Bununla da vətəndaşlarla MTK arasında çıxarışın əldə olunması ilə bağlı yaranan məsələlərə son qoyulur, qeyri-leqal ödənişlərin verilməsi hallarının qarşısı alınır. Bina sakinlərinə yaşadıqları yerlərdə mobil qeydiyyat xidmətlərinin göstərilməsi vətəndaş-məmur ünsiyyətinin azaldılmasına, vaxt itirmədən, rahatlıqla əmlakların rəsmi qeydiyyata alınmasına səbəb olur.
Sakinlərə bildirildi ki, əmlaklarını rəsmi qeydiyyata alan zaman tələb olunan dövlət rüsumu və xidmət haqqını “Əmlakın qeydiyyatı kalkulyatoru” vasitəsilə əvvəlcədən, onlayn qaydada öyrənə bilərlər.
Bundan başqa, o da qeyd edildi ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edəcək. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalındakı şəxsi kabinetində yerləşdiriləcək. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndəriləcək. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib.