Daşınmaz əmlakın qeydiyyat prosedurlarının sadələşdirilməsi və müasirləşdirilməsi bu sahədə göstəriciləri artırıb: qeydiyyat ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ildə 15%-ə yaxın artmışdır

Daşınmaz əmlakın qeydiyyat prosedurlarının sadələşdirilməsi və müasirləşdirilməsi bu sahədə göstəriciləri artırıb: qeydiyyat ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ildə 15%-ə yaxın artmışdır 30.01.2019 16:25

İlkin qeydiyyatın 37.1%-i Bakı şəhərinin, 62.9%-i isə regionların payına düşür. Qeyd edilməlidir ki, ilkin qeydiyyat ötən ilin eyni dövri ilə müqayisədə 19.3% faiz artmışdır.

Bundan başqa 2017-ci ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə 11275 mənzil özəlləşdirilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 30.7%-ə yaxın artmışdır. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 539000-dən çox mənzil özəlləşdirilmişdir.

İlkin qeydiyyatın artması bu sahədə yaradılan rahat şəraitin, operativliyin nəticəsidir. Eyni zamanda əldə olunan yüksək göstərici vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinin bariz nümunəsidir.

Bundan başqa təkrar qeydiyyatda da əldə olunan yüksək göstərici ölkədə iqtisadi və hüquqi əməliyyatların artması deməkdir. Belə ki bu, alqı-satqı, ipoteka kimi əməliyyatların artmasından xəbər verir. Təkrar qeydiyyatın artması daşınmaz əmlak bazarının canlanmasına, inkişafına imkan verir.

2017-ci ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlakın texniki inventarlaşdırılması və texniki pasport tərtib edilməsi ötən ilin eyni dövrü ilə müqayisədə 17.9% artaraq 117.9% təşkil etmişdir.

Cari ilin 10 ayı ərzində hüquqi və fiziki şəxslərə 127226 məhdudiyyət arayışı verilmişdir. Məhdudlaşdırmaya (yüklülüyə) dair dövlət reyestrindən arayışların verilməsində, ötən ilin eyni dövrünün statistikası ilə müqayisəsi zamanı 20.9% faiz artımın olduğu müşahidə edilmişdir.

Cari ildə 31049 ipoteka müqaviləsi bağlanmışdır. Bunlardan 5778-i torpaq sahəsi, 14516-sı mənzil, 7313-ü fərdi yaşayış və bağ evləri, 3442-si isə digərinə aid olmuşdur.

Bu ilin oktyabr ayının sonunadək 2804 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınmışdır. Bundan başqa əhaliyə xidmətlə bağlı 43126 digər müxtəlif məzmunlu arayışlar verilmişdir.

Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində əlçatanlığın, optimallığın artırılması, bu sahədə yeniliklərin tətbiqi istiqamətində də işlərini davam etdirmişdir.

Cari ildə Komitə bu sahədə “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidmətlərini istifadəyə vermişidir. Bundan başqa “Əmlakın qeydiyyatı kalkulyatoru”, “Elektron çıxarış sistemi” də vətəndaşlara xidmət göstərir.

Daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial layihələrdən biri “Kütləvi çıxarış” kampaniyasıdır. Cari ildə kampaniyanın əhatə dairəsi daha da genişlənmişdir. “Kütləvi çıxarış” kampaniyası birbaşa ünvanlarla yanaşı iş yerlərində, o cümlədən vətəndaşların kənd təsərrüfatı ilə məşğul olduğu sahələrdə, əkin yerlərində, ucqar kənd yerlərində təşkil edilmişdir. Keçirilmiş 18 kampaniyanın 4-ü paytaxt rayonlarında, 14-ü isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutmuşdur.

Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə isə yanvar-oktyabr ayları ərzində vətəndaşlardan 61243 müraciət qəbul olunmuşdur. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.4% faiz artmışdır.