Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Kürdəmir Kəndkimya“, “Mingəçevir Qum Çınqıl”, “Şıxlar Broyler“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.
Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Ağcabədi Aqrotexservis” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 100 min manata yaxındır.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Sumqayıt, Yevlax, Neftçala, İmişli, Şəmkir, Abşeron bölgələrində və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 17 kv.m ilə 2 min kv.m arasında dəyişir.
Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Şəmkir, Qazax, Şirvan və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Qazax şəhərində yerləşən Daşkəsəndə yerləşən Yardımçı təsərrüfat, Lənkəranda olan Anbar kimi iri dövlət əmlakları var.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında “Qazax ərazi yun tədarükü və qəbulu idarəsi”ni nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 600 kv.m-ə torpaq sahəsi isə 22 min kv.m-ə yaxındır. Qeyd edilməlidir ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilir.
Sumqayıtda yerləşən 22 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 240 kv.m-ə, torpaq sahəsi isə 630 kv.m-ə yaxındır.
Özəlləşdirilməyə çıxaırlan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 33-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 12 kv.m ilə 300 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin start qiyməti 1425 manatla 3 min 500 manat arasında dəyişir. İstehsal tarixləri isə 2005-2007-ci illəri əhatə edir.
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2975
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.
Prosesə çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.