Bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmir rayonunun 2 kəndində keçiriləcək

Bu həftə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmir rayonunun 2 kəndində keçiriləcək 24.06.2019 07:39

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyata alınması xidmətlərini vətəndaşlara daha yaxın etmək məqsədilə səyyar aksiyaları davam etdirir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası ilə xidmətlər birbaşa vətəndaş ünvanlarında göstərilir. Kənd və qəsəbə sakinləri vaxt itirmədən, məsafə qət etmədən mobil qeydiyyat ofisinə müraciət edirlər. Sosial aksiyaların keçirilməsində əsas məqsəd məmnunluq və rahatlığı təmin etmək, vətəndaşlara layiqli xidmət göstərməkdən ibarətdir.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial kampaniyası çərçivəsində bu həftə Kürdəmir rayonunun 2 kəndində vətəndaşlara qeydiyyat xidmətləri göstəriləcək. Belə ki, səyyar aksiya 24-25 iyun tarixlərində Kürdəmir rayonunun Atakişili kəndində (kənd orta məktəbinin qarşısı), 27-28 iyun tarixlərində isə Karrar kəndində (Karrar kənd icra nümayəndəliyinin qarşısı) keçiriləcək. Sakinlər saat 09:00-dan 17:00-dək fərdi yaşayış evləri, torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı, o cümlədən plan-sxemin, texniki pasportların tərtibi ilə bağlı sənədlərini mobil ofisə təqdim edə bilər. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sualı olan vətəndaşlara komitə əməkdaşları tərəfindən hüquqi məsləhətlər veriləcək, sualları cavablandırılacaq.