Dövlət torpaq kadastrı dedikdə, torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusu nəzərdə tutulur. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır.
Daşınmaz əmlakın kadastr uçotuna alınması xidmətləri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilir. Xidmət daşınmaz əmlakın kadastr uçotuna alınması məqsədi ilə texniki və ölçmə işlərinin həyata keçirilməsi və daşınmaz əmlakın kadastr uçotuna alınmasını əhatə edir. Daşınmaz əmlakın kadastr uçotu ilə bağlı xidmətlərin göstərilməsi üçün müraciət ünvanları Əmlak Xidmətləri Məkanı ilə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin regional ofisləridir.
Xidmətin göstərilməsi üçün ərizə, torpaqdan daimi istifadə hüququna dair dövlət aktları, xidmət haqqının ödənilməsi barədə sənəd, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və digər sənədlər tələb olunur. Müraciət qanunvericiliyə uyğun formada xidmət ünvanlarında qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra üçün göndərilir. Struktur bölmədə müraciətə və ona əlavə edilmiş sənədlərə baxılır. Daşınmaz əmlakların kadastr uçotuna alınması barədə məlumatların istifadəçiyə təqdim edilməsi üçün müraciət qəbul edildikdən sonra daxil olmuş sənədlərdə göstərilən məlumatın daşınmaz əmlakın vahid dövlət kadastrında saxlanılan məlumatla eyniliyini müəyyən etmək məqsədi ilə ilkin araşdırma aparılır.
Daşınmaz əmlak obyektinin eyniliyini müəyyənləşdirmək üçün kifayət qədər məlumat olmadıqda və ya ərizədə göstərilən məlumatın düzgünlüyünü müəyyən etmək mümkün olmadıqda obyektə onun olduğu yer üzrə baxış keçirilir, dəqiqləşdirilməsi məqsədi ilə obyektdə çöl geodeziya ölçmə işləri aparılır. İlkin araşdırmanın nəticələrindən asılı olaraq daşınmaz əmlak obyektinin vahid dövlət kadastr uçotuna alınması ilə bağlı müvafiq kameral işlər həyata keçirilir və kadastr uçotuna alınma barədə məlumat dərhal istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt vasitəsilə poçt ünvanına göndərilir və ya birbaşa istifadəçiyə təqdim edilir.
Qeyd edək ki, 5 iş günü ərzində göstərilən daşınmaz əmlakın kadastr uçotuna alınması xidməti üçün dövlət rüsumu tələb olunmur. Xidmət haqqı isə müvafiq qanunvericilik ilə müəyyən olunur.