Dövlət xidmətlərinin vətəndaşlara layiqli formada göstərilməsi, hər bir müraciətə həssaslıqla yanaşılması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 29 iyun tarixində Şabran şəhərində vətəndaş qəbulu keçirib. Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq elə həmin gün sədr müavinləri Rafiq Cəlilov Xızı rayonunda, Rüstəm Şahbazov isə Siyəzən rayonunda vətəndaş müraciətlərini dinləyib.
Müraciət və təkliflərlə yerindəcə tanış olmaq, müvafiq problemləri operativ formada həll etmək, o cümlədən vətəndaş məmnunluğunu təmin etmək budəfəki qəbulda da ön planda olub. Fərdi qaydada dinlənilən vətəndaş müraciətləri əsasən, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması, torpaqların təyinatının dəyişdirilməsi, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı olub. Eyni zamanda torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, kadastr uçotuna alınması, ünvan məsələləri və komitənin digər fəaliyyət istiqamətləri üzrə vətəndaş müraciətləri dinlənilib.
Komitənin struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda bir sıra müraciətlər elə yerindəcə müsbət həllini tapıb. Bəzi müraciətlər komitənin səlahiyyətlərinə aid olmadığı üçün qeydə alınıb və müvafiq qurumlara göndərilməsi barədə vətəndaşlara məlumat verilib.
Qəbul zamanı komitə sədri bildirib ki, torpaqların yalnız qanunvericiliyə uyğun istifadəsi təmin edilməlidir. Yaşayış məntəqələri təyinatlı torpaqlar üzərində fərdi yaşayış evləri tikilə bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlar isə yalnız kateqoriyaya uyğun məqsədlər üçün istifadə edilə bilər.
Komitə sədri qeyd etdi ki, vətəndaşların rahat və operativ formada istifadəsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən bütün xidmətlər Əmlak Xidmətləri Məkanında icra olunur. Bu il ərzində xidmət məkanına 98 minə yaxın vətəndaş müraciət edib, müxtəlif istiqamətlər üzrə 128 minə yaxın xidmət göstərilib. Komitə sədri qəbul zamanı xidmət məkanının tezliklə Gəncə və Xaçmazda da açılacağını bildirdi.
Müraciətləri dinlədikdən sonra komitə sədri struktur bölmələrin iştirakı ilə iclas keçirmişdir. İclasda Kərəm Həsənov daşınmaz əmlak idarəçiliyinin daha da təkmilləşdirilməsi, göstərilən xidmətlərdə məmnunluğun yüksəldilməsi, fəaliyyətin vətəndaş yönümlü olması ilə bağlı tapşırıq və tövsiyələr vermişdir.
Sədr müavinlərinin qəbuluna yazılan vətəndaşların da müraciətləri dinlənilib, onların qanunvericilik əsasında operativ həlli istiqamətində müvafiq tapşırıqlar verilib.
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi tərəfindən regional vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.