Prezidentin fərmanının sürətli icrası ilə bağlı “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasına daha intensiv formatda start verildi

Prezidentin fərmanının sürətli icrası ilə bağlı “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasına daha intensiv formatda start verildi 09.07.2019 12:19

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il fevralın 19-da imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərmanının icrası çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi istismarına icazə verilən binalarda yerləşən mənzillərin çıxarışla təmin olunması ilə bağlı işlərin daha intensiv keçirilməsinə start verib. Belə ki, iyulun 9-dan etibarən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində istismarına icazə verilən binalarda mobil qeydiyyat xidməti göstəriləcək, ilkin sənədlər toplanacaq. Bu səyyar xidmət iyulun 9-dan 12-nə kimi Nizami, 15-19 tarixlərində Sabunçu, Suraxanı, Xətai, Binəqədi, 22-dən 26-na kimi isə Yasamal və Səbail rayonlarında olacaq.

Fərmanla bağlı qeydiyyat xidmətlərinin ünvanlarda göstərilməsi vətəndaş məmnunluğunu təmin edir, vətəndaş-məmur ünsiyyətini azaldır, o cümlədən leqal əmlakların sayını artırır, sakinlərin vaxt itirmədən rahatlıqla əmlaklarını rəsmi qeydiyyata almasına imkan yaradır. Bu fərmanla vətəndaşların mənzil şəraiti yaxşılaşdırılır, sosiallıq prinsipi təmin edilir, insan amili gücləndirilir.

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində ilk olaraq Bakının Nizami rayonu, İ.Məmmədov küçəsində yerləşən 192 mənzilli yeni çoxmərtəbəli bina sakinlərindən ilkin sənədlər toplandı. Vətəndaşlar yaşadıqları məkana gətirilən mobil ofislərə şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışını təqdim etdilər.

Sakinlərin telefon nömrələrinə çıxarışın alınması üçün tələb olunan xidmət haqqı və dövlət rüsumu, eləcə də prosesin icra müddəti barədə məlumat gəlir. Həmçinin vətəndaşın özü də 9193 nömrəsinə müraciətin nömrəsini göndərməklə onlayn rejimdə bu haqda məlumat əldə edir. Bundan başqa “Əmlakın qeydiyyatı kalkulyatoru”ndan istifadə etməklə tələb olunan dövlət rüsumu və xidmət haqqının məbləği onlayn qaydada öyrənilə bilər. 

Bina sakinləri üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirildi. Maarifləndirmə çərçivəsində vətandaşlara bildirildi ki, artıq mənzil sahibləri çıxarışlarını kağız formasında deyil, elektron qaydada əldə edir. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib. O da vurğulandı ki, vətəndaşların çıxarışları onların istəyinə uyğun olaraq 1,3,7,10 iş günü ərzində hazırlanır.    

Qeyd edilməlidir ki, Bakı, Gəncə şəhərləri və Abşeron rayonu üzrə istismarına icazə verilən 11 min mənzilli 59 MTK-nın istismarına icazə aktları Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə daxil olub. Bunlardan 1-i Gəncədə, 1-i Abşeronda, qalanları isə Bakının Nəsimi, Nizami, Yasamal, Nərimanov və digər rayonlarında yerləşir. Həmin binalarda yerləşən 2 mindən çox mənzilin çıxarışı hazırlanıb. Həmçinin 4 mindən çox sənəd qəbul edilib. Qəbul edilən sənədlər hazırda icra mərhələsindədir.

Məlumat üçün bildirilməlidir ki, digər istismarına icazə verilən binalarda yerləşən mənzillərə dair çıxarışların verilmə prosesi davam etdiriləcək.