“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasında daha bir fərqlilik: fermer təsərrüfatlarında qeydiyyat xidməti göstərilir

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasında daha bir fərqlilik: fermer təsərrüfatlarında qeydiyyat xidməti göstərilir 09.08.2019 08:22

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlərini daha əlçatan etmək üçün sosial kampaniyalarını müxtəlif formatda keçirir. Komitə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində avqustun 9-da Yevlax rayonunun Qoyunbinəsi kəndində səyyar qeydiyyat xidmətləri göstərib, elektron çıxarışın hazırlanması üçün əmlaklara dair ilkin sənədlər yerindəcə toplanıb. Bu dəfə fərqli addım atılaraq mobil qeydiyyat ofisləri birbaşa olaraq kəndli fermer təsərrüfatlarında olub.

Bu kənddə yerləşən fermer təsərrüfatlarında, əkin sahələrində çalışan 70-ə yaxın sakindən ilkin sənədlər iş başındaca toplanıb. Bunlardan 35-i kənd təsərrüfatı sahələrinə, 25-i fərdi yaşayış evlərinə, 10-u isə həyətyanı sahələrə aid olub.

Kəndlinin əmlaklarına dair sənədləri elə iş başındaca, heç bir yerə getmədən daha rahat təqdim etməsi qeydiyyat xidmətlərinin sadələşməsindən, vətəndaşa daha yaxın olmasından irəli gəlir. Bu kampaniya vətəndaşların vaxtını sərf edərək, uzun məsafə qət etməklə rayon mərkəzlərinə, aidiyyəti qurumlara getməsinin qarşısını alır. Bu isə kənd təsərrüfatı ilə məşğul olan insanların vaxtlarını daha səmərəli şəkildə planlaşdırmasına imkan verir.

Kampaniyanın bilavasitə əkin sahələrində keçirilməsinin sosial əhəmiyyəti ilə yanaşı iqtisadi faydası da var. Belə ki, kəndlinin işdən ayrılmadan sənədlərini təqdim etməsi onların fəaliyyətinin stimullaşdırılmasına şərait yaradır. Komitə tərəfindən sosial əhəmiyyəti yüksək olan bu aksiyanın Qurban bayramı ərəfəsində keçirilməsi isə vətəndaş razılığına səbəb olub.

Həmin gün yaxın ətrafda yerləşən digər kəndlərdən 50-ə yaxın vətəndaş mobil ofislərə müraciət edib. Onlara elektron çıxarışın hazırlanması üçün lazım olan sənədlər barəsində məlumat verilib, hüquqi yardım göstərilib.

Həmçinin sakinlər üçün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı maarifləndirmə tədbiri də keçirilib. Maarifləndirmə çərçivəsində vətandaşlara bildirilib ki, artıq əmlaklara dair çıxarışlar kağız formasında deyil, elektron qaydada əldə edilir. Həmin mülkiyyət sənədi şəxsin Elektron hökumət portalına yerləşdirilir. Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndərilir. Elektron qaydada göndərilən informasiyada çıxarışın reyestr, qeydiyyat nömrələri, elektron çıxarışın yoxlanılması ilə bağlı keçid linki göstərilib.

Qeyd edilməlidir ki, mobil qeydiyyat ofisləri vasitəsilə cari ilin 6 ayı ərzində 40 minə yaxın vətəndaşa xidmət göstərilib.