Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 130 min manatdan çoxdur. Bundan başqa qiymətində digərlərindən fərqlənən əmlak “Bərdə Kərpic” Açıq Səhmdar Cəmiyyətidir.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncə, Yevlax, Şəki, Mingəçevir, İsmayıllı, Siyəzən, Şəmkir və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kv.m ilə 2 min kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Sumqayıtda yerləşən "Bolluq" bazasıdır. Adı çəkilən əmlak 444 min 500 manata təklif edilir. Torpaq sahəsi 13 min kv.m-dən çox, ümumi faydalı sahəsi isə 1445 kv.m-ə yaxındır. Qeyd edək ki, əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında "Çinar" soyuducular zavodunun Şəmkir filialını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 2 kv.m-dən çoxdur.
Bundan başqa Masallıda yerləşən Kənd Məhsulları İstehsalı və Emalı üzrə yardımçı təsərrüfat da sahibi üçün yeyinti sənaye sahəsində gəlirli hesab olunur.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 110-u paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 11 kv.m ilə 304 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.
Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Şirvanda yerləşən 30,3 kv.m olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 1875 manat təşkil edir. Həmçinin paytaxtın Qaradağ rayonunda yerləşən, sahəsi 16,8 kv.m olan, ilkin start qiyməti 4 min 500 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.
Müxtəlif növ nəqliyyat vasitələri də özəlləşdirilməyə çıxarılıb. Alman istehsalı olan BMW markalı maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 1500 manatla 5200 manat arasında dəyişir.
Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.
http://www.privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3325
Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Hərraca çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
Qeyd edilməlidir ki, mühüm yenilik olan Elektron hərrac vasitəsilə də əmlakın özəlləşdirməsində iştirak etmək mümkündür. Bunun üçün hərracın keçirildiyi yerə gəlməyə ehtiyac qalmır. Ölkə vətəndaşları istənilən yerdən – evdən, iş yerindən hətta xarici ölkələrdən belə internet vasitəsilə hərraca qatılaraq dövlət əmlakını ala bilirlər.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.