60 saniyə ərzində əmlak sahibi olmaq mümkündür

60 saniyə ərzində əmlak sahibi olmaq mümkündür 30.01.2019 16:25

Elektron hərracın tətbiqi prosesə olan marağı artırır. Bu isə öz növbəsində hərracı daha da rəqabətli edir. Budəfəki hərrac da rəqabətli şəkildə keçib. Belə ki, Bakının Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 12 min 500 manata olduğu halda ən son ­17 min 200 manat təklif edilib. Paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 68,2 kv.m olan qeyri-yaşayış sahəsində də anoloji hal müşahidə edilib. Belə ki, adı çəkilən əmlakın ilkin start qiyməti 12 min 500 manat olsada 17 min manata sahibini tapıb.

Qeyd edilməlidir ki, ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Səbail rayonunda yerləşən sahəsi 170,7 kv.m olan qeyri-yaşayış sahəsi olub.

Prosesdə xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Gəncə şəhərində yerləşən 176 saylı mağaza bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 450,6 kv.m təşkil edir.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır.

Qeyd edilməlidir ki, hərracda özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-i Nəsimidə, 2-i Binəqədidə qalanı isə müvafiq olaraq Səbail, Qaradağ və Xətai rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 17 kv.m ilə 170 kv.m arasında dəyişir.

Daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri sahəsi 17 kv.m olan Bakının Binəqədi rayonunda yerləşən qeyri-yaşayış sahəsidir.

Hərracda müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilib. Özəlləşən avtomobillər Rusiya, İtaliya istehsalı maşınlar olub. Buraxılış tarixləri isə 2006-2007-ci illəri əhatə edib.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün privatization.az və ya emdk.gov.az portalına daxil olmaq kifayətdir. Bu isə özəlləşmə prosesində ictimai agahlıq və şəffaflıq prinsiplərini təmin edir.      

Qeyd edilməlidir ki, Elektron hərracın köməyi ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində, işdə, evdə və ya istirahətdə olmasından asılı olmayaraq istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir. Qoşulmaq üçün də prosedurlar olduqca sadədir. Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (e-emdk.gov) və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq müvafiq bölməni seçir. Sifariş verdiyi əmlakın ilkin satış qiymətinin 10 faiz məbləğində behi ödəyir. Behi ödənildikdən sonra istifadəçiyə Təsdiqetmə bildirişi təqdim edilir və təhlükəsizlik kodu poçt ünvanına göndərilir.

Hərraca qatılmayan şəxslər də internet vasitəsilə hərracın gedişatını izləyə bilərlər. Bunun üçün https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə daxil olmaq lazımdır. Qiymətlərə gəlincə isə qeyd edilməlidir ki, əmlakın ilkin start qiyməti bazara uyğun olaraq müəyyənləşdirilib.