Qeyd edilib ki, xalqımızın inadlı tələbinə baxmayaraq, 1993-cü ilə kimi ölkəmizə rəhbərlik edən şəxslərdən heç biri 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymətin verilməsi üçün tədbir görmədi. Məhz ilk olaraq Ümummilli Lider Heydər Əliyevin qətiyyəti, cəsarəti və müdrikliyi sayəsində 20 Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət verildi. Ulu Öndər Heydər Əliyev bütün təzyiqlərə və təqiblərə baxmayaraq, xalqın faciəsində məsuliyyət daşıyanları bütün dünyanın gözü qarşısında ittiham etdi. Diqqətə çatdırılıb ki, totalitar rejimin repressiya maşınının sərtliklə işə düşdüyü bir zamanda keçmiş SSRİ və respublika rəhbərliyini, hadisəyə görə kəskin ittiham etmək böyük risk idi. Buna baxmayaraq, ulu öndərimiz Heydər Əliyev Moskvadakı çıxışında kommunist rejiminin gerçək simasını açdı. Xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirdi, anneksiya siyasətinə qəti etirazını ifadə etdi.
Vurğulanıb ki, bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərimizin siyasətini layiqincə davam etdirir. Belə ki, dövlət başçısı tərəfindən 1990-cı il yanvar ayında faciəli hadisələr zamanı Azərbaycan Respublikasının suverenliyi uğrunda həlak olanların əziz xatirəsi daim yad edilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən şəhid ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə müvafiq Fərmanla "20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təsis edilmişdir.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqının demokratiya və müstəqillik uğrunda mübarizəsini boğmaq məqsədi daşıyan bu amansız hərəkəti nəticəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda görünməmiş vəhşiliklərə yol verildi - günahsız insanlar, o cümlədən uşaqlar, qocalar və qadınlar qətlə yetirildi, yüzlərlə adam müxtəlif dərəcəli bədən xəsarəti aldı. 20 Yanvardan sonrakı günlərdə də Bakıda qırğın davam etdirildi. Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş millətin nümayəndələri, 20-dən çox qadın, uşaq var idi.
Ancaq buna baxmayaraq 20 Yanvar günü xalqımızın milli dövlətçilik uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi Azərbaycanı müstəqilliyə aparan yol oldu. Təpədən dırnağa qədər silahlanmış imperiya ordusunun cəza tədbirləri millətimizin haqq səsini boğa bilmədi. Əksinə, yumruq kimi birləşən xalqımız öz etirazını, nifrətini daha ucadan bəyan etdi. Beləliklə 20 Yanvar hadisələri ölkəmizin müstəqillik və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səlnaməsi kimi daxil oldu.
Tədbirdə qeyd olunub ki, gündən-günə Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sürətlə inkişaf edir, qüdrətlənir, ordumuz güclənir. Bütün bunlar isə torpaqlarımızın erməni işğalından azad ediləcəyi günü yaxınlaşdırır. Şəhidlərin müqəddəs qanının yerdə qalmaması üçün hər bir azərbaycanlı öz üzərində daim çalışmalı, Vətənə layiqli övlad olmaq üçün bütün qüvvə və bacarığını əsirgəməməlidir. Yalnız bu halda əziz şəhidlərimizin ölməz ruhları qarşısındakı mənəvi borcumuzu yerinə yetirmiş olarıq.
Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq, onların fədakarlıqları xalqın yaddaşından heç zaman silinməyəcək.