10 sentyabr hərracının nəticəsi: 11 dövlət əmlakına 18 sifariş verildi

10 sentyabr hərracının nəticəsi: 11 dövlət əmlakına 18 sifariş verildi 10.09.2019 14:28
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil edilən hərraclarda iştirak olduqca rahatdır. Hərraca müxtəlif kateqoriyalı dövlət əmlaklarının çıxarılması ilə hər kəs geniş seçim imkanından istifadə edərək özəlləşdirməyə qoşula bilər. Bu fürsətlər hərraclara marağı artıraraq rəqabətli mühiti təmin edir.
Sentyabrın 10-u Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Hərraca çıxarılan dövlət əmlaklarından 11-nə ümumilikdə 18 sifariş verilib. Budəfəki hərrac avtomobil sahibi olmaq istəyənlərin marağına səbəb olub. Buraxılış tarixləri 1991-2007-ci illər olan nəqliyyat vasitələri Mitsubishi, Nissan, Hyundai və digər markalara aiddir. Avtomobillərdən biri üzrə keçirilən hərracda 2 nəfərin iştirakı prosesi rəqabətli edib. Belə ki, buraxılış tarixi 2006 olan UAZ-315122 markalı nəqliyyat vasitəsi üzrə maraq təyin olunmuş ilkin qiyməti 1700 manat yüksəldib. Rəqabət digər avtomobillərin özəlləşdirilməsində də müşahidə olunub.
Qeyd edək ki, komitənin təşkil etdiyi növbəti hərrac 17 sentyabr tarixində keçiriləcək. Hərraca ümumilikdə 57 dövlət əmlakı çıxarılıb. İnvestorların 42 kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 15 səhmdar cəmiyyəti üzrə seçim imkanı var. Hərraca çıxarılan əmlaklar üzrə seçim etmək və sifariş vermək istəyənlər Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.
Əmlak Məsələləri Dövlət Komitəsi sifarişçilərlə bərabər, prosesə marağı olan şəxslərin hərraclarda canlı və onlayn formada iştirakını təmin edir. Açıq hərracların gedişatını onlayn izləmək istəyən vətəndaşlar təyin olunan vaxtda müvafiq linkə daxil ola bilər (e-emdk.gov.az/eHerrac/Home/Presentation).