Sentyabrın 17-si növbəti özəlləşdirmə hərracı keçirilib

Sentyabrın 17-si növbəti özəlləşdirmə hərracı keçirilib 17.09.2019 15:49

 

Əmlak Məsələləri Dövlət Komitəsinin tətbiq etdiyi elektron xidmətlərlə dövlət əmlaklarının özəlləşdirilməsi hərraclarında iştirak çox rahatdır. Müasir imkanlar ilə hər kəs seçim, sifariş prosedurlarını elektron formada etməklə yanaşı, hərraclarda vaxt itirmədən onlayn formada iştirak edə bilər. Dövlət əmlakları üzrə sifarişçilər kimi digər şəxslər də açıq hərraclara həm elektron, həm də canlı formada məkana gəlməklə qoşula bilər.

Sentyabrın 17-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti özəlləşdirmə hərracı keçirilib. Bu dəfə Bərdədə yerləşən kiçik dövlət müəssiəsi öz sahibini tapdı. Belə ki, rayonun Mirzəxan kəndindəki Avtomobillərə texniki qulluq stansiyasının ümumi faydalı sahəsi 92.1 kv.m-dir. Adıçəkilən dövlət obyekti 1500 kv.m-lik torpaq sahəsi ilə birgə 11 min 500 manata özəlləşdirildi. Qeyd edək ki, bu dövlət əmlakı üzrə hərracda iştirak edən vətəndaş sifarişini olduğu məkandan, elektron formada vermişdir.

Komitə tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə sentyabrın növbəti hərracı 24-ü keçiriləcək. Elan edilən bu hərraca ümumilikdə 73 dövlət əmlakı çıxarılıb. Onlardan 40-ı kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyəti, 14-ü nəqliyyat vasitəsidir. Dövlət əmlakları üzrə hərraca qoşulmaq istəyən şəxslər Komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az)  daxil ola bilər.