Komitənin elektron və onlayn xidmətləri vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci il ərzində 180 mindən çox müraciət daxil olub və cavablandırılıb. Ümumilikdə isə, vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 650 minə yaxın elektron xidmət göstərilib. Ötən il ərzində daşınmaz əmlakın qeydiyyatı üzrə elektron xidmətdən istifadə sayı 26 minə yaxın olmuşdur. Ümumilikdə isə, bu rəqəm 130 minə yaxındır. Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlıdır. Bu xidmətlərdən istifadə sayı ötən il ərzində 25 min, bütövlükdə isə 110 minə yaxındır. 2017-ci il ərzində komitənin göstərdiyi elektron xidmətlərdən istifadənin böyük hissəsi - 150 mini daşınmaz əmlakın yüklülüyünə dair arayışların alınmasına aiddir.
Dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə ümumilikdə 18 minə yaxın müraciət qəbul edilib. Bu elektron xidmətlərdən ən çox istifadə ediləni dövlət əmlakının qorunub saxlanmasına dair illik xüsusi hesabat formasının elektron qəbuludur.
Daima yenilikləri ilə fərqlənən komitə ötən il də ənənəsinə sadiq qalaraq 5 yeni elektron xidməti vətəndaşların istifadəsinə verib. Yeniliklərdən biri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanı oldu. Bununla vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir. Digər faydalı xidmət daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat verən Əmlakın Qeydiyyatı Kalkulyatorudur. Artıq əhali çoxmərtəbəli yaşayış binalarında mənzil alarkən, onlara çıxarışın verilməsinin mümkünlüyünü onlayn rejimdə əvvəlcədən öyrənə bilirlər. Bu isə, ötən il istifadəyə verilən “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlanan elektron xidmət sayəsində mümkün olub. Əhalinin işini sadələşdirən yeniliklərdən biri olan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidməti alınan mənzillərin qiymətinin əvvəlcədən bazar dəyərlərinə uyğun onlayn rejimdə öyrənmək imkanı yaradır.
Ötən il, özəlləşmə tarixində yeni mərhələ olan Elektron hərracın tətbiqinə başlanılmışdır. Hərraclara elektron qatılmaq imkanları bu prosesi daha optimal edərək, zaman və məkan amilini minimuma endirir. Bununla yanaşı hərrac prosesini canlı olaraq onlayn izləmək imkanları da istifadəyə verilmişdir.
"AzNav" ilk milli naviqasiya sisteminin istifadəyə verilməsi əhali, dövlət və özəl qurumlar, turistlər üçün ünvan axtarışı sahəsində unikal bir vasitədir.
Qeyd edilməlidir ki, hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 37 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Komitənin təqdim etdiyi elektron xidmətlərdən 24-ü daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-i isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 29-u interaktiv, 8-i isə informativ xidmətlərdir. Bu xidmətlər həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur.
Mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqını və müraciətin icra vəziyyətini, habelə dövlət əmlakının icarə haqqı borcunu öyrənmək mümkündür.
Vətəndaşların daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1), hər bir əmlak sahibinin öz mülkiyyəti barədə dövlət reyestrində olan rəsmi məlumatları onlayn rejimdə əldə etməsi, daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin elektron qaydada ərazi qeydiyyat idarələrinə göndərilməsinin təmin edilməsi prosedurları olduqca sadələşdirib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində işlər davam etdiriləcəkdir.