Azərbaycanla Avstriya arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənir

Azərbaycanla Avstriya arasında daşınmaz əmlak idarəçiliyi sahəsində əməkdaşlıq genişlənir 25.09.2019 09:17


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanla Avropa ölkələri arasında əməkdaşlığın uğurlu inkişafı və qarşılıqlı faydalı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasət bütün sahələrdə olduğu kimi, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, habelə kadastr və daşınmaz əmlak idarəçiliyinin inkişafında da əhəmiyyətli rol oynamışdır.

Cari ilin 23 sentyabr tarixində Avstriyanın Vyana şəhərində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndə heyəti ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumunun əməkdaşları arasında işgüzar görüş keçirilmişdir. Görüşdə daşınmaz əmlakın qeydiyyatı və kadastrı, mülkiyyət hüquqlarının reyestri və ünvanvermə işinin aparılması, eləcə də Milli Məkan Məlumatları İnformasiya Sisteminin yaradılması sahəsində Avstriya təcrübəsi ilə yaxından tanışlıq baş tutmuşdur.   

Qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq Elektron Hökumətin inkişafı və rəqəmsal hökumətə keçidlə bağlı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlardan biri də Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli Fərmanına əsasən milli məkan məlumatlarının formalaşdırılması, müvafiq informasiya sisteminin yaradılması və onun Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyasının təmin edilməsidir. Bu baxımdan, ikitərəfli əməkdaşlıq çərçivəsində görüş zamanı Azərbaycanın və Avstriyanın daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemlərinin günün tələblərinə uyğun olaraq təkmilləşdirilməsi məsələləri müzakirə edilmiş, milli məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində geniş fikir mübadiləsi aparılmışdır. Gorüşdə son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sosial-iqtisadi sahələrində olduğu kimi, daşınmaz əmlak idarəçiliyində də əldə edilən nailiyyətlər və tətbiq edilən innovasiyalar  qarşı tərəfi təmsil edən nümayəndə heyətinin nəzərinə çatdırılmışdır. Komitə sədri cənab Kərəm Həsənov bildirmişdir ki, ölkə rəhbərliyi tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan sözügedən sahədə son illər ərzində aparıcı mövqe tutur. Bununla yanaşı, o, Azərbaycan Respublikasında əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-dan çox xidmətin elektron formada göstərildiyini qeyd etmişdir. 

Görüş çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilmiş və qurumlar arasında əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumunun icrası çərçivəsində 2020-ci il üçün fəaliyyət istiqamətləri müəyyən edilmişdir. 

Görüşdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi də təmsil olunmuşdur.