Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Bərdə rayonunda, sədr müavini isə Ağdam rayonunda vətəndaş qəbulu keçirib

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Bərdə rayonunda, sədr müavini isə Ağdam rayonunda vətəndaş qəbulu keçirib 27.09.2019 14:50
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 27 sentyabr tarixində Bərdə rayonunda vətəndaş qəbulu keçirib. Rayonun Yeni Azərbaycan Partiyasının inzibati binasında keçirilən qəbulda vətəndaşların fərdi qaydada müraciətlərinə baxılıb. Komitənin müvafiq struktur bölmə rəhbərlərinin də iştirak etdiyi qəbulda səslənən müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyələr tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqların qeydiyyatı, vaxtilə verilmiş pay torpaqlarının sənədləri ilə faktiki vəziyyəti arasında uyğunsuzluqlarının aradan qaldırılması ilə əlaqədar olub. Eyni zamanda torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı müraciətlər də ünvanlanıb.

Qəbul zamanı bütün müraciətlər və qaldırılan məsələlər komitə sədri tərəfindən fərdi qaydada, diqqətlə dinlənilib. Bir neçə vətəndaşın müraciətləri elə yerindəcə həll edilib. Digər müraciətlərdə əks olunan məsələlərin araşdırılaraq həll olunması barədə müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib, bəzi müraciətlərlə bağlı müvafiq komissiya yaradılıb. Komitənin fəaliyyət sahələrinə aid olmayan məsələlərə dair müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndəriləcəyi barədə vətəndaşlara məlumat verilib.
Komitə sədri Kərəm Həsənov torpaqların kateqoriyaları ilə bağlı tələblərə riayət olunmasının vacibliyini bildirib. Qeyd edilib ki, mühafizə zolaqlarının tələblərinə əməl edilməyən torpaq istifadəçiliyinə, torpaqların münbit qatının korlanmasına, xüsusən kənd təsərrüfatı torpaqlarının təyinatına uyğun istifadə olunmamasına qarşı nəzarət tədbirləri gücləndirilib.

Bildirilib ki, torpaqların elmi əsaslarla səmərəli istifadəsi ilə bağlı düzgün qərarların qəbuluna, bu sahədə dövlət nəzarətinin daha effektiv həyata keçirilməsinə, o cümlədən torpaq balansını dəqiqləşdirməyə imkan verən torpaqların elektron kadastr uçotu işləri operativ olaraq davam edir.

Bundan başqa komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində də müraciətlərdə vətəndaşa diqqət və qayğının göstərilməsi, iş prinsipinin təkmilləşdirilməsi, o cümlədən iş prosesinin aktivliyi, elektron xidmətlərin sayının çoxaldılması kimi məsələləri ön planda saxlayır. Vətəndaşların müraciətlərinin vaxtında baxılmasına, tez bir zamanda həll edilməsinə xüsusi diqqət göstərir. Bununla bağlı olaraq qeydiyyat xidmətləri səyyar ofislər vasitəsilə vətəndaşın ünvanında göstərilir. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi kampaniyalarla komitə xidməti vətəndaşın ünvanına çatdırır.

Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verib. Komitə sədri bildirib ki, əhalinin müraciətləri operativ həll olunmalı, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır. Sonda vətəndaşlar razılıqlarını ifadə ediblər.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov da həmin gün Ağdam rayonunda vətəndaş qəbulu keçirib. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda vətəndaşların fərdi qaydada müraciətlərinə baxılıb. Bəzi vətəndaşların müraciətləri elə yerindəcə həll edilib. Digər müraciətlərdə əks olunan məsələlərin araşdırılaraq həll olunması barədə müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.
Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.