Növbəti hərraca çıxarılan əmlakların çeşidi daha da artırılıb

Növbəti hərraca çıxarılan əmlakların çeşidi daha da artırılıb 30.01.2019 16:25

Sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. “Qazax ərazi yun tədarükü və qəbulu idarəsi” belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 562.5 kv.m, torpaq sahəsi isə 17 min kv.m-ə yaxındır. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də iqtisadi potensialı artıran səbəblərdəndir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi geyim tələbatının ödənilməsi üçün lazım olan xammalın əldə edilməsinə öz töhfəsini verə bilər.

Kənd təsərrüfatı sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektə Daşkəsən rayonunda yerləşən Yardımçı təsərrüfatı nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxın, torpaq sahəsi isə 40 min kv.m-dən çoxdur. Adı çəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.

Kirayə Təmir Sahəsi də əlverişli əmlaklardandır. Adı çəkilən əmlak Neftçalada yerləşir.  Ərazi baxımından kifayət qədər optimal obyektdir. Həmin əmlakın torpaq sahəsi 11 min 500 kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 300 kv.m-dən çoxdur.

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə sırasında “Zaqatala Fındıq”, “Anar”, “Xəzər Avtonəqliyyat”, “Salyan Kəndkimya”, “Lənkəran Mebel”, “Əli Bayramlı Aqrotəmir”  və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 64-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bunlardan 13-ü Bakının Nərimanov, 11-i Binəqədi, 6-ı, Yasamal qalanları isə Sabunçu, Nizami, Qaradağ, Səbail, Xətai və Pirallahıda yerləşir. Regionlar üzrə qeyri-yaşayış sahələri Gəncədə, Sumqayıtda, Ucarda, Mingəçevirdə və başqa bölgələrdə yerləşir.  Belə əmlakların sahəsi 10 kv.m ilə 420 kv.m arasında dəyişir.

Nəqliyyat vasitələrinin isə markaları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 1372 manatla 2595 manat arasında dəyişir. İstehsal tarixləri isə 2008-2009-cu illəri əhatə edir.  

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3525

Qeyd edilməlidir ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclara iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.

Özəlləşmə prosesini sürətləndirən yenilik olan Elektron hərracın köməyi ilə də özəlləşdirilmə prosesi daha da sürətlənir. Bununla istənilən şəxs, ölkə daxilində və ya xaricində istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.