“Qərb regionunda özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar”

“Qərb regionunda özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” 11.10.2019 14:11
Özəlləşmə nəticəsində bölgələrdə mütərəqqi texnologiyaların tətbiq edildiyi yeni müəssisələr açılır, biznes mühitində investorlar təbəqəsi genişlənir, o cümlədən fəaliyyətini dayandırmış müəssisələrin yenidən bazar iqtisadiyyatına cəlb edilməsi istiqamətində görülən işlərin effektivliyi artır. Bu strateji hədəflərin reallaşdırılması üçün innovativ yanaşmalar tətbiq edilir, özəlləşmənin elektron müstəviyə keçidi təmin olunur, maarifləndirici forumlar keçirilir. Belə tədbirlərin davamı olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 11-də Şəmkir şəhərində “Qərb regionunda özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda regional forum təşkil edilib. Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının iştirakı ilə keçirilən forumda Şəmkir şəhər İcra Hakimiyyəti nümayəndələri, ətraf rayonlardan olan 70-dək sahibkar, iş adamı iştirak edib. 

Forumun əsas məqsədi sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, bu sahədəki yeni yanaşmalar, innovasiyaların tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaqdır. Eləcə də ölkədəki əlverişli investisiya mühitindən yararlanaraq, sahibkarların bu prosesdə iştirakının genişləndirilməsi ilə bağlı praktiki addımların atılması da tədbirin əsas vəzifələrindəndir.

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdirinin müavini Yalçın Camalov bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq  müasir idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edildiyi özəlləşmə sahəsində proses modernləşdirilir, elektron müstəviyə keçid daha da genişləndirilir. Bu imkanlar özəlləşməyə cəlb edilən investorların sayının çoxalmasına səbəb olur. Mütəmadi olaraq sahibkarlarla, iş adamları ilə görüşlərin keçirilməsi də özəlləşmədə iştirak edən investorların artımına şərait yaradır. İstər xarici sərmayəçilər, istərsə də yerli investorlarla görüşlər zamanı onlara özəlləşmə sahəsində tətbiq edilən yeniliklər, həyata keçirilən innovativ addımlar, özəlləşməyə çıxarılan müəssisələr barədə ətraflı məlumat verilir. Reallaşdırılan bu tədbir də özəlləşmə sahəsində göstərilən fəaliyyətin məcrasının genişlənməsinə, biznes mühitinə yeni investorların qoşulmasına, bölgənin iqtisadi potensialının artmasına imkan verən müəssisələrin açılmasına təkan verəcək.  
   
Tədbirdə çıxış edən Şəmkir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev bildirib ki, son dövrlər ölkədə, eləcə də Şəmkir şəhərində investor kütləsinin formalaşması, əcnəbi və yerli sahibkarlar tərəfindən müəssisələrə yatırılan kapitalın artımı özəlləşmə prosesinin sürətlənməsinin əyani göstəricisidir. Qeyd edilib ki, investorların cəlb edilməsi, bu sahənin daha da inkişafı üçün Şəmkirdə geniş imkanlar və perspektivlər mövcuddur.

Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının şöbə müdiri Fərhad Osmanov qeyd edib ki, sadə və onlayn prosedurlarla özəlləşmə prosesinin həyata keçirilməsi investorların bu sahəyə marağını artırıb. Özəlləşdirmə ilə bağlı keçirilən hərraclar prosesin sürətlənməsinə şərait yaradıb.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin sektor müdiri Nurlan Verdiyev tərəfindən “Qərb regionunda özəlləşdirmə və investisiya imkanları, müasir yanaşmalar, şəffaf və elektron prosedurlar” mövzusunda təqdimat edilib. Təqdimatda özəlləşdirmə prosesində tətbiq olunan yeni innovativ üsullar, hərrac və müsabiqələrdə iştirak qaydaları, özəlləşdirməyə çıxarılacaq müəssisələr barəsində məlumat verilib. Sahibkarlar Şəmkir şəhəri və ətraf rayonlar üzrə özəlləşdirilməsi nəzərdə tutulan 30-a yaxın müəssisələr haqqında ətraflı informasiya əldə ediblər. Həmin müəssisələrin biznes portfeli, iqtisadi göstəriciləri, bazardakı mövqeyi barədə məlumatlar investorlara çatdırılıb. Bildirilib ki, bu müəssisələrin 15-i xidmət, 10-a yaxını istehsal, 2-si kənd təsərrüfatı, 1-i səhiyyə, 1-i isə sənaye sahələrinə aiddir.

Qeyd edilməlidir ki, tətbiq edilən mütərəqqi yeniliklər, müasir yanaşmalar nəticəsində özəlləşmə hazırda keyfiyyətcə yeni mərhələdədir. Ölkə başçısı cənab İlham Əliyevin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 7 mart tarixində imzaladığı Fərmanına əsasən müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə özəlləşdirilmənin sürətləndirilməsi prioritet məsələ kimi müəyyən edilib. Strateji yol xəritələrində də Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin, inklüzivliyinin və sosial rifahın artırılması məqsədilə özəlləşmə ilə bağlı islahatların həyata keçirilməsi əsas hədəflərdəndir. Artıq aparılan islahatlar nəticəsində bu sahədə idarəetmənin modernizasiyası, prosedurların elektronlaşdırılması, operativliyin təmin olunması istiqamətində mühüm nəticələr əldə edilib. Özəlləşmə prosesində elektron xidmətlərin göstərilməsi, Elektron hərracın tətbiqi, eləcə də hərracları onlayn izləmək imkanının olması geniş investor kütləsinin prosesə cəlb edilməsinə, özəlləşmənin keyfiyyətcə yeni mərhələsinin başlanmasına şərait yaradıb. Qeyd edilməlidir ki, hazırda özəlləşmə ilə bağlı keçirilən hərraclara dair 10 elektron xidmət göstərilir. 2016-cı ildən etibarən ümumilikdə 660-a yaxın hərrac keçirilib. Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq 30-dan çox vətəndaş olduğu məkanı dəyişmədən hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 350-ə yaxını isə elektron şəkildə həyata keçirilib. Ümumilikdə hərracların 250-yə yaxını isə rəqabətli şəkildə baş tutub.

Qeyd edilməlidir ki, dövlət müəssisələrinin özəl investisiyalar cəlb olunmaqla tam şəkildə modernləşdirilməsi, həmin müəssisələrdə yeni avadanlıq və texnologiyaların quraşdırılması, məhsulların çeşidinin artırılması və yeni iş yerlərinin yaradılmasına nail olunması məqsədi ilə istehsal təyinatlı müəssisələrin investisiya müsabiqələri vasitəsilə özəlləşdirilir. Belə ki, son dövrlərdə iqtisadiyyatın ayrı-ayrı, o cümlədən maşınqayırma, sənaye, balıqartırma sahələrinə aid iri müəssisələr investisiya müsabiqələri vasitəsilə özəlləşdirilib. Bu müəssisələrə yeni və müasir avadanlıq və texnologiyaların cəlb edilməsi, ölkədə rəqabət qabiliyyətli, idxalı əvəz edən və ixrac yönümlü məhsullar istehsal olunması məqsədilə 100 milyon manatdan artıq investisiya qoyuluşu və 1200-ə yaxın iş yerinin açılması nəzərdə tutulub.   

Hazırki mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər cəlb olunmaqla sırf bazar prinsipləri əsasında qiymətləndirilir və açıq hərraclar vasitəsi ilə satışa yönəldilir. Bu zaman dövlət əmlaklarının altında yerləşən torpaq sahələri həmin əmlakların bazar dəyərinə daxil edilməklə, birlikdə özəlləşdirilir. Belə işlərin əsas məqsədi sahibkarların müvafiq əmlakları təkrar bazardan deyil, daha əlverişli bazar olan – hərrac və müsabiqələrdən əldə etməsidir. Özəlləşmə prosesinə strateji investorların cəlb edilməsi məqsədilə komitə tərəfindən 400-dən çox beynəlxalq investisiya fondlarına, iri maliyyə təşkilatlarına, transmilli korporasiyalara müraciətlər göndərilib, biznes forumlarda təqdimatlar edilib.

Özəlləşdirilmə prosesinin daha da sürətləndirilməsinə imkan verən Özəlləşdirilmə portalı bütün investorlar üçün biznes portfelinə uyğun olaraq daşınmaz əmlak seçimi ilə bağlı geniş imkanlar yaradır. Nəticədə isə portala baxış sayı 2 milyon 600 mini ötüb. Vətəndaşlar özəlləşmə ilə bağlı müraciətlərini portalda olan onlayn pəncərə vasitəsilə də ünvanlaya bilirlər. Qeyd ediləməlidir ki, Özəlləşmə portalına 9 minə yaxın onlayn müraciət olunub. Saytda yerləşdirilən “Özəlləşdirmə gündəliyi 2019” başlıqlı bölməyə daxil olmaqla da investisiya müsabiqələri, səhmdar cəmiyyətləri ilə ətraflı tanış olmaq mümkündür. Gündəlikdə yeni açılan  300-ə yaxın müəssisə haqqında bütün məlumatlar yerləşdirilib. 

Özəlləşmə sahəsindəki statistika 2016-2019-cu illər üzrə:
  • 660-a yaxın hərrac keçirilib.
  • Özəlləşdirilməsi ilə bağlı edilən sifarişlərin 350-ə yaxını elektron şəkildə həyata keçirilib.
  • Hərracların 250-yə yaxını rəqabətli şəkildə baş tutub.
  • 30-dan çox vətəndaş olduğu məkanı dəyişmədən hərraca internet vasitəsilə onlayn rejimdə qatılıb.
  • Özəlləşmə portalına baxış sayı 2 milyon 600 mini ötüb.
  • Özəlləşmə portalına 9 minə yaxın onlayn müraciət olunub.