Bir sıra qabaqcıl iqtisadi sahələrlə yanaşı dağ-mədən sənayesinə də özəl investisiyalar cəlb etməklə qara metallurgiya kompleksindən tam həcmdə istifadə olunması vacib əhəmiyyət daşıyır. Belə müəssisələrdən biri də 270 milyon tondan artıq dəmir filizi ehtiyatlarına malik olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətidir. “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmləri investisiya müsabiqəsinə çıxarılmışdır. Bu Açıq Səhmdar Cəmiyyəti qeyri-neft sektorunda ölkənin ən strateji metallurgiya müəssisəsi olmaqla investorlar üçün olduqca cəlbedicidir.
Müsabiqənin dövlətin strateji maraqlarına uyğun və daha səmərəli keçirilməsi məqsədi ilə “KPMG” şirkəti açıq tender əsasında məsləhətçi qismində cəlb edilmişdir. Özəlləşən səhm zərfinin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi aparılmış, gələcək iqtisadi faydaların əldə edilməsi ilə müəyyən edilən investisiya dəyəri çıxarılmışdır. Mövcud qanunvericiliyə uyğun olaraq təşkilatlararası müsabiqə komissiyası yaradılmışdır. Müsabiqə komissiyasına daxil olan İqtisadiyyat, Maliyyə, Ədliyyə, Vergilər, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi, Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən məsləhətçi şirkətin tövsiyələri nəzərə alınıb. Potensial iddiaçılar qarşısında qoyulacaq şərtləri əhatə edən elan azərbaycan və ingilis dillərində kütləvi informasiya vasitələrində (o cümlədən, elektron) dərc edilmişdir. Eyni zamanda müəssisənin özəlləşdirilməsi prosesinə strateji investorların cəlb olunması məqsədi ilə polad istehsalı üzrə ixtisaslaşan 50-dən artıq xarici şirkətə ünvanlı dəvət məktubları göndərilmişdir.
Müəssisənin özəlləşdirilməsinə yerli şirkətlərlə yanaşı, ABŞ, Avropa, BƏƏ, Hindistandan olan potensial investorlar və konsorsiumlar maraq göstərir. Həmin şirkətlərdən bəziləri ilə memorandumlar imzalanmışdır. Beynəlxalq səviyyəli ekspert, mühəndis və geoloqlardan ibarət nümayəndə heyətləri müəssisəyə səfər edərək çox sayda texniki və geoloji hesabatları yerində incələmişdir. Hazırda müəssisənin özəlləşdirilməsi istiqamətində həmin investorlar tərəfindən təhlillər davam etdirilir.
Müsabiqə şərtlərinə əsasən müəssisəni özəlləşdirən investor dövlət büdcəsinə 100 milyon manatdan az olmayaraq ödəniş etməlidir. Həmçinin xammaldan hazır məhsuladək istehsal klasterinin qurulması məqsədi ilə 5 il ərzində yeni zavodların tikintisinə 600 milyon ABŞ dollarından az olmayaraq investisiya yatırmalıdır. Bundan başqa 1000 nəfərdən az olmayaraq yeni iş yeri təsis etməli, dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarına olan borcları ödəməlidir.
Müsabiqə üzrə ərizə və təkliflərin qəbulu müddəti 31 may 2018-ci il tarixinə qədər müəyyən edilmişdir. İstənilən yerli və xarici investorun iştirakı sərbəstdir və Əmlak Məsələləri Dövlət Komitəsi maraq göstərən bütün şirkətləri müsabiqədə iştirak etməyə dəvət edir.