Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən “Elektron Hökümət” layihəsi çərçivəsində daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində də innovativ tədbirlər həyata keçirilir. Belə ki, bu sahədə elektron xidmətlərin dairəsinin genişləndirilməsi, o cümlədən xidmətlərin elektron formata keçidinin tam olaraq təmin edilməsi və funksionallığının artırılması istiqamətində davamlı işlər görülür.
Qeyd edək ki, hazırda daşınmaz əmlak və torpaq idarəçiliyi sahəsində 3 SMS və 37 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir. Tətbiq edilən elektron xidmətlərdən 24-ü daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-i isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 29-u interaktiv, 8-i isə informativ xidmətlərdir. Ümumilikdə vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 650 mindən çox elektron xidmət göstərilib. 2017-ci il üzrə isə bu göstərici 180 mindən çoxdur. Xatırladaq ki, son 1 il ərzində bu sahədə 5 yeni elektron xidmət - “Elektron hərrac”, “Elektron çıxarış”, “Əmlak kalkulyatoru”, “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidmətləri vətəndaşların istifadəsinə verilib.
Xidmətlərdən yararlanmaq üçün həm “Elektron hökumət” portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalından (www.e-emdk.gov.az) istifadə etmək kifayətdir.
İnnovativ xidmətlərin həyata keçirilməsində əsas prioritet istiqamət vətəndaş məmnunluğunun təmin edilməsinə yönəldilib. Bütün bu amillər nəzərə alınaraq komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir.