10 dekabr hərracında 24 dövlət əmlakı özəlləşdirildi

10 dekabr hərracında 24 dövlət əmlakı özəlləşdirildi 10.12.2019 14:31
Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə keçirilən hərraclarda yaradılan əlçatan mühit hər kəsin iştirakına şərait yaradır. Hərraca qoşulmaq istəyən şəxslərin elektron formada sifariş vermək və prosesdə onlayn iştirak imkanları rahatlıq və məmnunluğa yönəlib. Hərraca marağı olan şəxslər də özəlləşdirməni həm məkana gəlməklə, həm də onlayn formada izləyə bilir. Onlayn formada özəlləşdirmə hərracında iştirak üçün Elektron Xidmətlər Potalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçmək kifayətdir.

Dekabrın 10-u dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac keçirilib. İştirakçıların fəallığı budəfəki hərracda rəqabətli mühiti təmin edib. Belə ki, 24 dövlət əmlakı üzrə ümumilikdə 132 sifariş qeydə alınıb, sifarişlərdən 28-i  elektron formada verilib.
Özəlləşdirilən kiçik dövlət müəssisələrindən biri Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki əmlak kompleksidir. Ümumi sahəsi 46.4 kv.m olan dövlət əmlakının birlikdə özəlləşdirildiyi torpaq sahəsi 440 kv.m-dir.

Budəfəki hərracda bütün nəqliyyat vasitələri rəqabət yaratdı. Buraxılış tarixləri 2008-ci il olan Vaz markalı avtomobillərdən birinin ilkin qiyməti 3 min 600 manat olsa da hərrac iştirakçıları arasında rəqabət nəticəsində nəqliyyat vasitəsi 6 min 100 manata özəlləşdirildi.

Hərraclara çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifarişçi statusu qazanmaq istəyən şəxslər rəsmi sayta (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.