“İri dövlət şirkətlərinə dair vahid məlumat bazası”nın istifadə qaydalarına dair təlim keçirilib

“İri dövlət şirkətlərinə dair vahid məlumat bazası”nın istifadə qaydalarına dair təlim keçirilib 26.12.2019 10:26
“İri dövlət şirkətlərinə dair vahid məlumat bazası”nın istifadə qaydalarına dair təlim keçirilib. Bununla bağlı iri dövlət şirkətlərinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə praktiki seminar olub.
Məqsəd vahid məlumat bazasının mahiyyəti, üstünlükləri, istifadə qaydaları ilə bağlı iri dövlət şirkətlərinin nümayəndələrini məlumatlandırmaq, o cümlədən idarəetmədə optimallığı, effektivliyi artırmaqdır. 

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti 4 sentyabr 2019-cu il tarixində “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Qərar qəbul edib. Bu qaydalar “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli Fərmanı əsasında hazırlanıb.

Dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı iri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması istiqamətində artıq intensiv işlər görülür. Bu platforma ayrıca bölmə olaraq elektron xidmətlər portalında (e-emdk.gov.az) yerləşdirilib. Özündə 20-ə yaxın iri dövlət şirkətin cəmləşdiyi platformada kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair hesabat formaları yer alır. Məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılmışdır.

Qeyd edilib ki, kadr uçotu hissəsində informasiya sisteminin iştirakçılarına aid ştat vahidi, faktiki işləyənlərin sayı, vakant yerlərin sayı, mühəndis-texniki heyətin sayı və əməkhaqqı fondu barədə məlumatlar əks olunub. Maliyyə göstəriciləri özündə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 1 və 2 nömrəli əlavələrdəki hesabat formaları və bu formalarda göstərilən məlumatları cəmləşdirib. Daşınmaz əmlaka dair məlumatlara isə bu sistemin iştirakçılarına aid daşınmaz əmlakların sayı, tikililərin ümumi sahəsi, istehsal təyinatlı binaların sahəsi, tikililərin balans dəyəri, tikililərin qalıq dəyəri və ümumi torpaq sahəsi barədə informasiyalar aiddir.

Həmin məlumatlar iri dövlət şirkətləri tərəfindən informasiya sisteminə gücləndirilmiş elektron imzadan və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə olunmaqla daxil edilməli və təsdiqləyən şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır.
Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq. Həmçinin iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyəti müqayisəli təhlil ediləcək, daxil edilən məlumatlar real vaxt rejimində əldə olunacaq.

Tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən bazaya gələcəkdə digər dövlət müəssisələrinin də inteqrasiyası həyata keçirilə bilər. İnformasiya sisteminə daxil edilmiş məlumatların mühafizəsi yüksək səviyyədə aparılır, tam olaraq təhlükəsizlik təmin edilir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.