Torpaqların, o cümlədən daşınmaz əmlakın təkrar qeydiyyatı sahəsində innovativ üsulların tətbiqi prosedurları tam olaraq elektronlaşdırılıb. Belə ki, daşınmaz əmlak və torpaq mülkiyyətçiləri, həmçinin bələdiyyələr təkrar bazarda alqı-satqı prosesini onlayn rejimdə rəsmiləşdirə bilirlər. Bu prosesdə notariuslarda alqı-satqı əməliyyatı aparılarkən əmlakın yüklülüyünə dair məlumat 10-15 saniyə ərzində onlayn rejimdə əldə edilir. Daha sonra alqı-satqı prosesi aparılaraq müqavilə imzalanır. Müqavilə elektron şəkildə reyestr xidmətinin yerli ərazi idarələrinə ötürülür. Qeydiyyat orqanı da bu müqavilə əsasında daşınmaz əmlakın və torpağın yeni sahibinin adına elektron formada çıxarış tərtib edir.
Vətəndaş məmnunluğunu təmin edən yeniliklərdən biri elektron çıxarışın tətbiqi də təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Sistemin tətbiqi proseduru olduqca sadələşdirərək təkrar qeydiyyatın optimallığını və çevikliyini artırır. Belə ki, elektron çıxarışı olan vətəndaşların, bələdiyyələrin, torpaq mülkiyyətçilərinin alqı-satqı əməliyyatı zamanı heç bir kağız sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı əməliyyatından sonra əmlaka dair çıxarış yeni sahibin Elektron Hökumət portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır.
Elektron çıxarışların tətbiqi ilk növbədə daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirir, əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırır. Bundan əlavə, kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər ortadan qalxır. Kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir. Qeyd edilməlidir ki, qısa zamanda istifadəyə verilməsinə baxmayaraq sistemdən artıq 1000 nəfər yararlanıb.
Görülən işlərin nəticəsidir ki, ötən il ərzində daşınmaz əmlakların təkrar qeydiyyatının sayı 140 minə yaxın olmuşdur. Bu isə 2016-cı il ilə müqayisədə 12 faiz artım deməkdir. Statistikası onu deməyə əsas verir ki, vətəndaşların təkrar daşınmaz əmlak bazarında aktivliyi kifayət dərəcədə artıb.
Ümumilikdə qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artması, daha çox insanın rahatlıqla hüquq sahibi olması məqsədilə tətbiq edilən elektron xidmətlərin sayı çoxaldılır. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən 37 elektron xidmətin 24-ü daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir. Təkcə ötən il ərzində bu sahədə 4 yeni elektron xidmət fəaliyyət göstərməyə başlayıb.
Belə ki, hazırda çoxmərtəbəli yaşayış binasından mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada dəqiqləşdirə bilirlər. Bunu reallaşdıran “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlanan elektron xidmət vətəndaşların razılığına səbəb olub.
Əhalinin işini sadələşdirən yeniliklərdən biri olan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” xidməti alınan mənzillərin qiymətinin əvvəlcədən bazar dəyərlərinə uyğun onlayn rejimdə öyrənmək imkanı yaradır. Nəticədə qiymətlə bağlı vətəndaşın səhv yönləndirilməsi kimi problemlər minimuma enir, həmçinin onlar maliyyə resurslarını əvvəlcədən planlaşdırmaqla vəsaitlərinə rahatlıqla özləri qərar verə bilir.
Daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və vətəndaş məmnunluğunu təmin edən digər sistem Əmlakın Qeydiyyatı Kalkulyatoru funkisonallığı ilə digərlərindən fərqlənir. Bununla daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada, əvvəlcədən məlumat almaq mümkündür.
Bu sahədə tətbiq edilən yeniliklər, xidmətlərin modernləşdirilməsi əmlakların qeydiyyatının artmasına gətirib çıxarmışdır. 2017-ci il ərzində daşınmaz əmlak qeydiyyatının 200 minə yaxın olması bu sahədə tətbiq edilən innovativ üsulların tətbiqinin effektivliyindən, həyata keçirilən işlərin uğurlu olmasından xəbər verir. 2016-cı ilin eyni dövrü ilə müqayisədə bu rəqəm 14.5% artmışdır. Ümumilikdə isə 280 minə yaxın edilən müraciətin 97%-i öz müsbət həllini tapıb. Bəzi vətəndaşların sənədlərinin tam qaydasında olmaması, torpağın təyinatına uyğun istifadəyə verilməməsi, mühafizə zolaqları ilə bağlı qanunvericilik tələblərinin pozulması edilən müraciətlərin əsassız olmasına gətirib çıxarıb.
Daşınmaz əmlakın qeydiyyatının artması ilə vətəndaş fəallığı mütənasiblik təşkil edir. Belə ki, əhalinin öz əmlaklarını dövlət qeydiyyatına almasına olan marağı göstəricilərin ötən illə müqayisədə müsbət olmasına imkan verir. Qeydiyyatı aparılan əmlakların 38 minə yaxınının fərdi yaşayış və bağ evi, 52 mindən çox mənzil, 100 minə yaxınının torpaq sahəsi olması vətəndaşların daşınmaz əmlak bazarında leqal əmlaklara üstünlük verməsinin bariz nümunəsidir. Bu isə ölkədə iqtisadi və hüquqi əməliyyatların artması deməkdir.
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində əldə edilən göstəricilərin müsbət dinamika ilə irəliləməsi, idarəetmədə vətəndaş-məmur münasibətinin minimuma endirilməsi, eləcədə ictimai xidmətlərdən əhalinin daha rahat və çevik qaydada faydalanması istiqamətində məqsədyönlü tədbirlərini davam etdirəcək.
Çıxarış vətəndaşın həm Elektron Hökumət portalındakı şəxsi kabinetinə yüklənir, həm də kağız formatında təqdim edilir.