Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqını onlayn olaraq həm öyrənə, həm də ödəyə bilərlər

Vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqını onlayn olaraq həm öyrənə, həm də ödəyə bilərlər 30.01.2019 16:25

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatı sahəsində xidmət haqqlarının ödənilməsində tam şəffaflığı, həmçinin elektron xidmətlərdən daha geniş istifadəni təmin etmək məqsədi ilə “Xidmət haqqının ödənilməsi” elektron xidmətini təqdim edir.

Təqdim olunan xidmətin bir sıra üstünlükləri var. Belə ki, vətəndaş heç bir sənəd təqdim etmədən yalnız “sənəd nömrəsini” istifadə edərək xidmət haqqı barədə məlumat ala bilər. Sənəd nömrəsi vətəndaşa onun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciəti zamanı təqdim edilir.

Bu elektron xidmətdən istifadə etmək üçün vətəndaş Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlər portalından (www.e-emdk.gov.az) 5-ci elektron xidməti və ya Elektron Hökumət portalında (www.e-gov.az) komitənin təqdim etdiyi “Xidmət haqqının ödənilməsi” elektron xidmətini seçməlidir.

Bundan sonra vətəndaş təqdim olunan giriş vasitələrindən birini istifadə edərək elektron xidmətə daxil olur. Açılan pəncərədə müraciət forması təqdim olunur. Bu pəncərədə sənədin nömrəsini qeyd edib “Gətir” düyməsinə basılmalıdır. Belə olan halda məbləğ avtomatik olaraq qeyd olunacaq. Daha sonra “Ödə” düyməsini basaraq növbəti səhifəyə keçid təmin ediləcəkdir. Növbəti səhifədə ödəniş ediləcək elektron kartın məlumatlarını daxil etməklə proses tamamlanır.

Uğurla tamamlanmış müraciətin sonunda vətəndaşa “Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişi” təqdim edilir.

Həmçinin vətəndaşlar xidmətdən istifadə edərək hər hansı bir çətinliklə qarşılaşdığı zaman pəncərədə əks olunan “İsifadə təlimatı”ını açaraq xidmətin prosedur qaydalarını öyrənə bilərlər.

Adı çəkilən elektron xidmətdən ümumi olaraq 45 mindən çox istifadə edilib, ay ərzində isə bu göstərici 2 mini keçir.

Pəncərədə “xidmətin reqlamenti” vətəndaşlara təqdim olunub. Burada xidmət barədə ətraflı məlumat verilir. Vətəndaşa onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilmək hüququ izah edilib. Yaradılan bu şəffaf şərait vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini təmin edir.

Vətəndaşlar xidmətin istifadəsi ilə bağlı yaranan suallarını komitənin rəsmi sosial şəbəkələrdəki hesablarına, “Onlayn Məsləhət” pəncərələrinə (emdk.gov.az, privatization.az ), eləcə də 193 Çağrı Mərkəzinə müraciət edə bilərlər.