Asiya İnkişaf Bankı ilə müzakirələr aparılıb

Asiya İnkişaf Bankı ilə müzakirələr aparılıb 23.09.2020 15:57

İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekovla görüşüb.

Görüşdə nazir Azərbaycanın AİB-lə əməkdaşlığa önəm verdiyini, Bankın ölkəmizdə bir sıra layihələrin reallaşdırılmasına dəstək göstərdiyini vurğulayıb. Bildirilib ki, indiyədək AİB tərəfindən ölkəmizdə həyata keçirilən müxtəlif layihələrə 5,2 mlrd. dollardan çox kredit ayrılıb. Azərbaycan AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramında fəal iştirak edir. Bankın hazırladığı “Azərbaycan: daha şaxələnmiş, dayanıqlı və əhatəli inkişafa doğru” tədqiqat sənədi ölkəmizin iqtisadi inkişafı üzrə bir sıra önəmli məsələləri əhatə edir. Qeyd edilib ki, AİB-lə Layihə Hazırlığı Maliyyələşdirmə Aləti çərçivəsində, həmçinin yüksək texnologiya və innovasiya, təhsil, kiçik və orta biznesin inkişafı, dövlət-sahibkar tərəfdaşlığı, vergi siyasəti, irriqasiya və digər sahələr üzrə layihələrin icrası istiqamətində əməkdaşlıq faydalı ola bilər.

Azərbaycanın inkişaf prioritetlərindən danışan Mikayıl Cabbarov iqtisadi islahatlar, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı və rəqabət qabiliyyətliyinin artırılması tədbirləri barədə məlumat verib, AİB-lə İqtisadiyyat Nazirliliyi və Azərbaycan İnvestisiya Holdinqi arasında əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.

AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov ölkəmizdəki fəaliyyətindən məmnunluğunu ifadə edərək, Azərbaycan-AİB əlaqələrinin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə əməkdaşlığın genişləndirilməsi perspektivləri, Bankın dəstəyi ilə həyata keçirilən layihələrin icrası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.