Belə ki, Yasamal rayonunda yerləşən Melissa Park yaşayış kompeksinin 17 mərtəbəli D binasının sakinləri Kütləvi çıxarış kampaniyasından yararlanıblar. Kampaniya çərçivəsində 170-ə yaxın sakin birbaşa yaşadıqları ünvanda əmlaklarına dair çıxarış əldə ediblər. Bu isə binadakı bütün mənzillərin sənədləşməsi deməkdir. Kampaniya vətəndaşların gündəlik məşğulluq prosesinin pozulmadan, operativ olaraq qeydiyyat xidmətindən yararlanmasına, bu sahədə əlçatanlığın artırılmasına və vətəndaş məmnunluğuna səbəb olur. Vaxtlarına qənaət edən sakinlər sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa ünvana çatdırılmasından razılıqlarını ifadə ediblər.
Kampaniyanın daha da intensivləşməsində məqsəd vətəndaşların maraq və ehtiyacını nəzərə alaraq onların mülkiyyət hüquqlarını daha cəld və maksimum rahat təmin etməkdir. Eyni zamanda, kütləvi şəkildə mənzillər üçün çıxarışların verilməsi paytaxtda daşınmaz əmlaka dair alqı-satqı proseslərini daha da genişləndirir. Belə ki, çıxarış verilən mənzil artıq dövlət tərəfindən qeydiyyata alınan, hüquqi zəmanətli və etibarlı əmlakdır. Bu isə daşınmaz əmlakın iqtisadi proseslərə cəlb olunmasını aktivləşdirir, mənzil bazarının daha da canlanmasına səbəb olur.
Həmin gün yeni inşa edilmiş digər çoxmənzilli yaşayış komplekslərindən müraciət etmiş sakinlərə də hüquqi yardım xidməti göstərilib, ilkin hüquqmüəyyənedici sənədlər də qəbul edilib. Vətəndaşlara çıxarış almaq üçün lazım olan sənədlər barədə məlumat verilib. Bildirilib ki, yeni inşa edilmiş binaların mənzillərinə dair çıxarış əldə etmək üçün yalnız binanın istismara qəbul aktı (bina üçün), protokoldan çıxarış və maliyyə arayışının təqdim edilməsi kifayətdir. Vətəndaşlar bu sənədləri komitənin mobil qeydiyyat ofislərinə və ya yerli qeydiyyat idarələrinə təqdim etməklə rahatlıqla çıxarış əldə edə bilərlər. Eyni zamanda vətəndaşlara bildirilib ki, çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların onlayn qaydada alınması üçün elektron xidmət də istifadəyə verilib. Kampaniya çərçivəsində sakinlərə daşınmaz əmlakın fərdi və kütləvi qiymətləndirilməsi barədə də məlumatlar verilib. Qeyd edilib ki, bütün ölkə ərazisində daşınmaz əmlakların real bazar dəyərinə uyğun qiymətləndirilməsi xidmətləri göstərilir. Belə ki, kreditlərin əldə edilməsi, girov qoyulması, müxtəlif kompensasiyaların ödənilməsi, sığorta işləri və digər bu kimi sahələrdə bazar qiymətlərinin müəyyənləşdirilməsinə ehtiyac olur.
Qeyd edilməlidir ki, ümumilikdə Bakı şəhərinin müxtəlif rayonlarında, Gəncə, Sumqayıt, Xırdalan şəhərlərində yerləşən yeni inşa edilmiş çoxmərtəbəli yaşayış komplekslərinin mənzil sahibləri üçün 30-a yaxın belə çıxarış kampaniyaları keçirilmişdir. Yeni inşa edilmiş yaşayış kompleksləri də daxil olmaqla ötən il ərzində 15 minə yaxın mənzillərin qeydiyyatı aparılıb. Bu isə 2016-cı illə müqayisədə 37%-ə yaxın artım deməkdir.