Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qaxda keçirdiyi qəbulda vətəndaşların müraciətlərinə baxıb

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Qaxda keçirdiyi qəbulda vətəndaşların müraciətlərinə baxıb 30.01.2019 16:25

Bir neçə vətəndaş müraciəti dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı olub. Onlar icarə müqaviləsi əsasında istifadə etdikləri və ya icarədə və istifadədə olmayan dövlət əmlakının özəlləşdirilməsi barədə müraciətlərini çatdırıblar. Vətəndaşlar qeyd olunan məsələlərlə bağlı zəruri hüquqi yardımın göstərilməsi, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə bağlı komitə sədrinə xahişlərini bildiriblər.

Komitə sədri qəbulda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən şəffaf və rahat xidmətləri, fəaliyyətdə tətbiq edilən yenilikləri vətəndaşlara xatırladıb. O, bildirib ki, səhmdar cəmiyyətlərin dövlətə məxsus səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin özəlləşdirilməsində keçirilən hərraclarda elektron xidmətlər uğurla tətbiq edilir. Vətəndaşlar hərraclarda iştirak üçün sifarişlərini elektron qaydada verə bilirlər. Qeyd olunub ki, dövlət əmlakının özəlləşdirilməsi ilə yanaşı, dövlət reyestrindən çıxarışların, texniki sənədlərin və digər zəruri məlumatların verilməsi, ipoteka, lizinq, servitut və uzufrukt əməliyyatlarının qeydiyyatı və ləğvi ilə bağlı ümumilikdə 28 elektron xidmət hazırda vətəndaşların istifadəsindədir. Komitə sədri xatırladıb ki, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı əlil, ahıl, hərəkət çətinliyi olan, sağlamlıq imkanları məhdud şəxslər üçün komitənin mobil ofis xidmətləri fəaliyyət göstərir. Mobil ofislər vasitəsilə (ayrılmış xüsusi nəqliyyat vasitələrində) qeydiyyat xidmətləri Bakı və regionlarda vətəndaşların ünvanına çatdırılır və beləliklə onların ərazi idarələrinə getməsinə ehtiyac qalmır. Şəffaflıq və maariflənmə məqsədilə, bu tədbirlərlə yanaşı, Bakı və regionlarda qeydiyyat və kadastr sahəsində hüquqi maarifləndirmə tədbirləri, qeydiyyat idarələrində “Açıq qapı” günləri keçirilir.

Qəbulda komitənin səlahiyyətlərinə aid bir sıra vətəndaş müraciətlərinin dərhal həlli üçün komitə sədri tərəfindən müvafiq  tapşırıq və göstərişlər verilib. Qəbul vaxtı səsləndirilmiş, lakin araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb. Müraciətlərin nəticələri barədə məlumatın veriləcəyi vətəndaşlara bildirilib.

Komitə sədri həmin gün birbaşa müraciət edən vətəndaşları da qəbul edərək hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşıb. Müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə, keçirilən qəbulla bağlı kütləvi informasiya vasitələrində, komitənin rəsmi saytında və “Mülkiyyət” qəzetində əvvəlcədən müvafiq elanlar və zəruri məlumatlar verilib.