Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu

Daşınmaz əmlakın qeydiyyatında yeni mərhələ: elektron çıxarış, innovativ tətbiqlər və vətəndaş məmnunluğu 30.01.2019 16:25

Məqsəd isə iştirakçıları daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq olunan müasir informasiya-kommunikasiya texnologiyaları, innovativ və operativ üsullar haqqında məlumatlandırmaq, mövcud potensialın artırılması yollarını müzakirə etməkdir. Eyni zamanda bu sahədə xidmətlərin əhaliyə rahat şəkildə çatdırılması, şəffaflığın, vətəndaş məmnunluğunun daha da artırılması məqsədilə optimal yanaşmalar əsasında ideya bankının formalaşdırılmasıdır.

Tədbirdə çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, sosial faktorlar və vətəndaş amilinin gücləndirilməsi prinsipləri nəzərə alınaraq, daşınmaz əmlakın qeydiyyatı sisteminin inkişafı, xidmətlərin maksimum sadələşdirilməsi, prosedurların optimallaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədi ilə bu sahədə mütəmadi olaraq yeniliklər edilir. Daşınmaz əmlakın qeydiyyatı sahəsində yeni mərhələ olan elektron çıxarışın tətbiqi, elektron arxivlərin formalaşdırılması, onlayn əmlak kalkulyatorunun istifadəyə verilməsi, çıxarışlarla bağlı məlumatların alınmasının və müraciətlərin edilməsinin elektron müstəviyə keçməsi bu sahədə müasir yanaşmaların başlanğıcı kimi qiymətləndirmək olar. Vətəndaşlar üçün çoxmərtəbəli yaşayış binasından alınan mənzillərə dair çıxarışın mövcudluğu ilə bağlı məlumatın öncədən real rejimdə öyrənmək imkanlarının yaradılması da bu qəbildən olan innovasiyalardandır. Onlayn rejimdə əmlakların təqribi bazar qiymətini əvvəlcədən öyrənilməsi də tətbiq edilən yeniliklərdəndir. İnternetdən istifadə etməklə və yaxud SMS vasitəsilə qeydiyyatla bağlı dövlət rüsumu və xidmət haqqı barədə məlumatın əldə edilməsi və ödənişlərin elektron ödəmə məntəqəsində aparılması imkanları da mövcuddur. Tətbiq edilən yeniliklər sayəsində artıq əmlaklara dair çıxarışların 3 günə verilməsi də mümkündür. Diqqətə çatdırılıb ki, dünyada az sayda tətbiq edilən yeniliklərdən olan Elektron çıxarış sistemi isə təkrar bazarda qeydiyyatı tam olaraq onlayn rejimdə aparmaq imkanlarını yaradıb. Daşınmaz əmlakla bağlı iqtisadi və hüquqi proseslər zamanı tələb olunan arayışları real vaxt rejimində bir neçə saniyə ərzində əldə etmək mümkündür.

Qeyd edilib ki, bu yeniliklərlə yanaşı qeydiyyat sahəsində xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün “əks zəng” xidməti və sosial sorğu layihələrinə start verilib. Bu layihələr vasitəsilə vətəndaşlardan qeydiyyat prosesinin keyfiyyətinə olan münasibətlərinin canlı olaraq öyrənilməsi və təkliflərin alınması mümkündür. Məmnunluq prinsiplərini təmin edən sosial layihələrdən olan Kütləvi çıxarış kampaniyaları, mobil ofislər vasitəsilə isə vətəndaşların ünvanlarında qeydiyyat xidmətləri göstərilir. Ötən il ərzində 20, cari ildə isə 10-a yaxın Kütləvi çıxarış kampaniyası keçirilib.   

Bu işlərin nəticəsi olaraq Azərbaycan əmlakın qeydiyyatının sadəliyinə görə nüfuzlu beynəlxalq iqtisadi və maliyyə qurumlarının hesabatlarında ön yerlərdə qərarlaşıb. Tətbiq edilən innovativ xidmətlər ötən il ərzində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatının ümumi sayında 14,5%, ilkin qeydiyyatda 18,5% artıma səbəb olub. Komitə tərəfindən istifadəyə verilən 37 elektron xidmətin 24-ü daşınmaz əmlakın qeydiyyatı sahəsinə aiddir.

Daha sonra daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilən innovativ yanaşmalardan, elektron xidmətlərdən, o cümlədən elektron çıxarışın üstünlüklərindən danışılan ictimai təqdimat olub. Bildirilib ki, müasir yanaşmaların tətbiq edildiyi elektron çıxarış kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi hallarına son qoyub. Artıq kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi mümkün deyil. Əmlak sahibinin müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada çıxarışını ala bilməsi onların məmnunluğuna səbəb olub.

Xarici ölkələrdə olduqda belə çıxarışların əldə edilməsi xidmətə olan marağı daha da artırıb. Bu proses rahatlıqla yanaşı, vətəndaşın vaxtını daha səmərəli planlaşdırmağa imkan verir. Həmçinin çıxarışların elektron müstəviyə keçməsi ayrı-ayrı dövlət qurumları tərəfindən verilən aidiyyəti sorğuların cavablandırılması, əhalinin əmlakları üzərində iqtisadi əməliyyatların aparılması işini daha da yüngülləşdirir və optimallaşdırır.

Təkcə bu ilin 20 fevral – 30 mart tarixləri aralığında, yəni təxminən 40 gün ərzində 1000-ə yaxın elektron çıxarış əldə edilib.

Göstərilən xidmətlərin keyfiyyətini müəyyənləşdirməyə imkan verən “əks zəng” sistemi vasitəsilə vətəndaşların bu xidmətlərdən razı qalıb qalmadığını öyrənmək mümkün olur. İnsanlar daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hər hansı çətinliklə üzləşdiyində komitəyə bu barədə məlumat verə bilirlər. Bu xidmət nəticəsində əldə edilən məlumatlar fəaliyyətin daha düzgün şəkildə qurulmasına, təkmilləşdirilməsinə, o cümlədən şəffaflıq prinsipinin təmin edilməsinə imkan verir.

İctimai vəzifələrin yerinə yetirilməsində vətəndaşların iştirakının genişləndirilməsi ilə bağlı onlara sorğu vərəqələri də paylanılır. Əhali qeydiyyat ərazi ofislərində verilən sorğu vərəqələrində qarşılaşdığı anlaşılmazlıqlarla əlaqədar qeydlərini apara bilirlər. Bununla onlar fikirlərini sərbəst bildirə bilir, qeydiyyat orqanının fəaliyyətini rahat və əlçatan şəkildə qiymətləndirir.

Daha sonra çıxış edən özəl sektor, ictimai təşkilat nümayəndələri bildiriblər ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində tətbiq edilən elektron xidmətlər bu sahədə əlçatanlığı təmin etməklə vətəndaş marağını artırıb. Həyata keçirilən innovativ yanaşmalar, yeni layihələr mövcud imkanları daha da artırmaqla bu sahədəki dinamikliyi, iqtisadi əməliyyatların aktivliyini yüksəldib.

Sonda daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iştirakçıları maraqlandıran çoxsaylı suallar komitə nümayəndələri tərəfindən cavablandırılıb. Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən belə tədbirlər gələcəkdə də mütəmadi olaraq keçiriləcək.