İqtisadiyyat Nazirliyi və “Azərbaycan Coca-Cola Bottlers” MMC arasında Azərbaycanda yeni zavodun tikintisi barədə Anlaşma Memorandumu imzalanıb.
Məlum olduğu kimi, COVİD-19 bütün dünyada olduğu kimi, milli iqtisadiyyatı da yeni çağırışlarla üz-üzə qoyub, məcburi məhdudlaşdırmalar iqtisadi fəallığın zəifləməsinə, biznesin maliyyə itkiləri ilə qarşılaşmasına səbəb olub.
Pandemiyanın iqtisadiyyata təsirlərinin minimallaşdırılması üçün qeyri-neft sektorunda iqtisadi fəallığın canlandırılması, iş yerlərinin qorunması, stimullaşdırıcı layihələrin və tədbirlərin həyata keçirilməsi, özəl investisiya qoyuluşunun təşviq edilməsi, tikinti, məşğulluq və digər istiqamətlərdə təkanverici tədbirlərin görülməsi hazırda qarşıda duran əsas hədəflərdəndir.
Bu hədəflərə nail olunması istiqamətində digər tədbirlərlə yanaşı, İqtisadiyyat Nazirliyinin dəstəyi ilə bir sıra layihələr həyata keçirilir. Belə layihələrdən biri də “Azərbaycan Coca-Cola Bottlers” MMC-nin yeni spirtsiz içkilər istehsalı müəssisəsinin yaradılması layihəsidir. Belə ki, Azərbaycanın investisiya mühitinin, iqtisadiyyatın dayanıqlığının, həmçinin iqtisadiyyata dəstək proqramlarının, biznesin qısa və orta müddətdə dəstəklənməsini əhatə edən mühüm sənədlərin qəbul edilməsinin nəticəsi olaraq, “Azərbaycan Coca-Cola Bottlers” MMC ölkəmizdə fəaliyyətinin genişləndirilməsini və yeni istehsal sahələrinin yaradılmasını planlaşdırır.
30 milyon ABŞ dollarından çox sərmayə qoyuluşunu nəzərdə tutan investisiya planına əsasən, “Azərbaycan Coca-Cola Bottlers” MMC İsmayıllı, Oğuz və ya Qəbələ rayonlarının birində beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu quracaq.
Müəssisədə 100-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da bölgədə məşğulluğun daha da artmasına töhfə verəcəkdir.