Buzovna qəsəbəsində 100-ə yaxın sakinə komitənin mobil ofislərində, birbaşa onların ünvanlarında rahat və çevik şəkildə çıxarışlar paylanıb. Vətəndaşların mülkiyyət hüququnun tanınmasını təsdiq edən çıxarışlar keçmiş kolxoz və sovxozlar tərəfindən müvafiq əmrlərlə verilmiş yaşayış və bağ evlərinin tikintisinə dair həyətyanı torpaq sahələrinə aid olub. Bura həmçinin, kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarları da daxildir. Eyni zamanda, sovxozların yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisələrinin rəhbərlərinin əmrləri də aiddir.
Bundan əlavə, kolxoz və sovxozların verdiyi belə sənədləri olan 100-ə yaxın vətəndaşlardan da ilkin sənədlər yerindəcə qəbul edilib. Bu tədbirlərin əsas məqsədi vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması, qeydiyyat xidmətlərinin modernləşdirilməsi, xidmətlərin vətəndaşlara birbaşa yerlərdə çatdırılması, şəffaflıq və rahatlığın artırılmasıdır. Bununla ölkə üzrə hüquqi baxımdan təhlükəsiz və etibarlı daşınmaz əmlakı olan mülkiyyətçi təbəqəsi formalaşır. Eyni zamanda kampaniya digər vətəndaşları da qeydiyyata maraq göstərməyə, öz əmlakını qeydiyyata aldırmağa stimullaşdırır. Belə kampaniyaya fərdi yaşayış evləri, torpaq sahələri, pay torpaqları, həyətyanı torpaq sahələri geniş şəkildə cəlb olunur. Qeyd edilməlidir ki, çıxarış kampaniyası paytaxtla yanaşı, regionları, o cümlədən sərhəd bölgələrdəki yerləşən rayonların ucqar yaşayış massivlərini də əhatə edir.
“Kütləvi çıxarış” kampaniyası təkcə sənədlərin qəbulu və çıxarışların paylanmasını nəzərdə tutmur. Kampaniya zamanı müraciət edən və sənədlərində hər hansı çatışmazlıq olan 30-a yaxın sakinə birbaşa yerlərdə hüquqi xidmət göstərilib. Bundan başqa bütün hallarda vətəndaşlara əmlakın qeydiyyatının faydaları, üstünlükləri, rahatlıqları barədə məlumatlar verilib. Həmçinin kampaniya çərçivəsində komitənin əməkdaşları Elektron çıxarışdan bəhs ediblər. Qeyd edilib ki, bu yeniliyin tətbiqi də prosesin tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Belə ki, artıq elektron çıxarışı olan vətəndaşlar əmlaklarına dair hüquqi və iqtisadi əməliyyatlar apararkən müvafiq qurumlara kağız formasında sənəd təqdim etməsinə ehtiyac qalmır. Alqı-satqı, ipoteka, girov əməliyyatları aparılarkən tələb olunan arayışlar müvafiq qurumlara komitə tərəfindən onlayn rejimdə təqdim edilir və sənədlər elektron qaydada ərazi qeydiyyat ofislərinə ötürülür. Çıxarışlar isə vətəndaşın istəyinə uyğun olaraq kağız formada təqdim olunur və ya elektron hökumət portalında yaradılan onun şəxsi kabinetində yerləşdirilir.
Kampaniyanın müntəzəm keçirilməsi hüquqi qeydiyyatlı əmlakların sayının artmasına, paytaxtla yanaşı, regionlarda da leqal əmlak dövriyyəsinin və daşınmaz əmlak bazarının aktivləşməsinə gətirib çıxarır. Əmlakdan girov, ipoteka və digər əməliyyatlarda, eləcə də gəlir məqsədli müxtəlif proseslərdə istifadə oluna bilər.
“Kütləvi çıxarış” kampaniyası ilə yanaşı, respublikanın hər bir bölgəsində komitənin xüsusi nəqliyyat vasitələri ilə vətəndaşlara fərdi qaydada gündəlik mobil ofis xidmətləri də göstərilir. Bu kampaniyalar çərçivəsində vətəndaşlara fərdi qaydada çıxarışların təqdim olunması, ilkin sənədlərin qəbulu həyata keçirilir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlarının maksimum rahatlığını təmin etməyə yönələn tədbirlər, sosial layihələr davam etdiriləcək, ictimai xidmətlərdə vətəndaş məmnunluğu daha da artırılacaq.