Tədbirdə qeyd olunub ki, yeni inzibati binanın inşa edilərək istifadəyə verilməsi vətəndaşlara daha rahat və operativ, müasir tələblərə cavab verən xidmət şəraitinin yaradılması məqsədini daşıyır. 6 saylı ərazi idarəsinin yeni binasında Beyləqan, Ağcabədi, İmişli və Füzuli rayonlarından olan vətəndaşlara müasir şəraitdə qeydiyyat xidmətləri göstəriləcək.
Binanın tikintisinə 2013-cü ilin sentyabrında başlanmış və bu ilin avqust ayında bina təhvil verilmişdir. Sahəsi 745 m2 olan ərazi idarəsinin inzibati binası 3 mərtəbədən ibarətdir. Ümumiyyətlə, komitənin ərazi qeydiyyat idarələrində qəbul şöbələrinin müasir əsaslarla fəaliyyətinə böyük diqqət yetirilir. Vətəndaşlara rahat və operativ xidmətin təşkili məqsədilə binanın birinci mərtəbəsində müasir üsullarla sənəd qəbulu və verilməsini təmin edən müasir xidmət zalı yaradılıb. Xidmətlər zamanı növbəliliyin tənzimlənməsi məqsədilə qəbul zalında elektron növbəlilik aparatı mövcuddur. Eyni zamanda, binada daşınmaz əmlakın qeydiyyatı ilə bağlı hüquqi maarifləndirmə guşəsi yaradılıb. Vətəndaşlar üçün daşınmaz əmlakın qeydiyyatına dair müvafiq izahedici, o cümlədən, xidmət haqları və rüsumlar barədə məlumatlandırma lövhələri asılıb. Quraşdırılmış monitorlarda daşınmaz əmlakın qeydiyyatı prosedurları, zəruri sənədlər, habelə elektron xidmətlərlə bağlı məlumatların əyani surətdə əks olunması təmin edilib. Binada funksional xidmətlər üçün otaqlar, işçilərin inzibati otaqları, vətəndaşların gözləmə zalı, iclas zalı, akt zalı və Arxiv otağı mövcuddur. Bütün iş otaqları, iclas zalı və vətəndaşların qəbulu şöbəsində müasir avadanlıqlar və cihazlar quraşdırılıb. Yeni istifadəyə verilən binada yaradılmış müasir xidmət şəraiti müraciət edən vətəndaşlara keyfiyyətli və rahat xidmətin təşkilinə, vaxt itkisinin aradan qaldırılmasına imkan yaradır.
Tədbirdə regionlarda indiyədək istifadəyə verilmiş 17 yeni inzibati bina müasir xidmət şəraitinin qurulması, “Açıq qapı” günü və hüquqi maarifləndirmə seminarları şəffaflıq, ictimai agahlıq və maarifləndirmənin təmin olunması, mobil ofis xidmətləri isə sosial amillərin və vətəndaş məmnunluğunun artırılması kimi xarakterizə olunub. Vurğulanıb ki, məhz müasir xidmətlər, sosial məmnunluq, şəffaflıq və maarifləndirmə kimi prinsiplər komitənin fəaliyyətində daim diqqət mərkəzində saxlanılır. Qeyd olunub ki, bu il ərzində elektron xidmətlərin sayının 29-a çatdırılması, qeydiyyatla bağlı onlayn xidmətlərə və respublika üzrə mobil ofis xidmətlərinə başlanması komitənin ən mühüm nailiyyətləridir. Belə ki, elektron xidmətlərin sayının və keyfiyyətinin artırılması əhalinin bu xidmətlərdən heç bir yerə getmədən optimal faydalanmasına və vaxta qənaət etmələrinə gətirib çıxarıb. Bu ildən etibarən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı onlayn xidmətlərin tətbiqi ərazi idarələrinə gediş-gəlişləri, məmur-vətəndaş ünsiyyətini kifayət dərəcədə azaldıb. Belə ki, vətəndaşlar daşınmaz əmlaka dair yüklülük arayışları (Forma-1) artıq onlayn rejimdə əldə edirlər. Eyni zamanda, digər onlayn xidmət vasitəsilə daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrində olan məlumatları internet vasitəsilə əldə etmək mümkündür. Bu xidmət sayəsində mülkiyyətçilər internet vasitəsilə rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış ola bilir. İndiyədək elektron xidmətlər vasitəsilə 90 mindən çox müraciət icra edilib ki, bunun 68 mindən çoxu onlayn qaydada təmin edilib. Bu ilin aprel ayından başlayaraq komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər şəhər və rayonlarda xüsusi sosial təbəqədən olan vətəndaşların ünvanına çatdırılır. Yeni alınmış nəqliyyat vasitələri isə mobil ofis xidmətlərinin respublikanın bir regionunda deyil, artıq eyni vaxtda bütün şəhər və rayonlar üzrə göstərilməsini təmin edəcəkdir. İndiyədək mobil ofislər vasitəsilə ölkə üzrə 10000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Qeydiyyat prosesinin sadələşdirilməsi, ərazi idarələrində xidmət şəraitinin yüksəldilməsi, o cümlədən komitə tərəfindən həyata keçirilən maarifləndirmə və agahlıq tədbirləri qeydiyyat prosesini stimullaşdırır. Görülən işlərin nəticəsidir ki, 2014-cü ildə respublika üzrə 130 minə yaxın daşınmaz əmlak qeydiyyatdan keçib. Bu il ərzində 98 mindən çox yüklülüyə dair dövlət reyestrindən arayış verilib.
Tədbirdə qeyd olunub ki, daşınmaz əmlakın kadastrı sisteminin son illər sürətlə təkmilləşdirilməsi, elektron kadastr məlumat bazasının yaradılması qeydiyyat sisteminin inkişafına dəstək xarakteri daşıyır. Bundan əlavə, informasiya texnologiyalarının və elektron xidmətlərin sürətlə tətbiqi, Komitənin tikilməkdə olan yeni İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi səmərəli elektron əmlak idarəçiliyi və qeydiyyat sisteminin formalaşdırılmasında mütərəqqi addımlardır. İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin tezliklə istifadəyə verilməsi ölkə üzrə daşınmaz əmlaklarının vahid elektron məlumat və idarəetmə bazasının yaradılmasını təmin edəcəkdir.
Həmin gün keçirilmiş “Açıq qapı” gününün məqsədi ərazi idarəsində daşınmaz əmlakın qeydiyyatı prosesi ilə əyani tanışlıq, vətəndaşlara, mətbuat nümayəndələrinə və digər iştirakçılara qeydiyyatla bağlı hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat, çevik və modern xidmətləri nümayiş etdirmək olub. “Açıq qapı” günü-vətəndaş forumu “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilib.
Qeyd edək ki, həmin gün keçirilmiş “Açıq qapı” günündə vətəndaşlar və mətbuat nümayəndələri ərazi idarəsində qeydiyyat prosesini əyani şəkildə izləyib və qeydiyyat prosedurları ilə yaxından tanış olublar. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iş prinsipi, hüquqi tələblər və zəruri sənədlər, habelə, sənədlərin qəbulu və hazırlanması qaydaları iştirakçılara əyani nümayiş etdirilib. “Açıq qapı” günündə komitənin elektron xidmətləri barədə ətraflı məlumat verilib, istifadə qaydaları izah olunub. Həmin gün daşınmaz əmlakın qeydiyyatı ilə bağlı vətəndaşlara maraqlı olan suallar cavablandırılıb. Həmçinin daşınmaz əmlakın qeydiyyatının sosial-iqtisadi üstünlükləri və faydaları iştirakçılara izah edilib. Xatırladaq ki, indiyədək komitə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə və Xaçmaz ərazi idarələrində belə “Açıq qapı” günləri keçirilib.
Ərazi idarəsində həmin gün keçirilmiş hüquqi maarifləndirmə seminarında vətəndaşlar, Komitənin Aparatı və regional idarələri, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər iştirak edib. Hüquqi maarifləndirmə seminarının təşkili daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maariflənmənin təmin olunması məqsədi daşıyır. Həmçinin belə seminarlar dövlət qurumu-vətəndaş əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı izahat işlərinin aparılmasını təmin edir. Qeydiyyat prosesinin praktik tərəfləri dövlət qurumları, əhali və digər aidiyyəti tərəflərə dolğun şəkildə çatdırılır.
Xatırladaq ki, belə maarifləndirici tədbirlər Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi çərçivəsində həyata keçirilir. Bu ilin yanvarında başlanan hüquqi maarifləndirmə tədbirləri il ərzində Lənkəran, Mingəçevir, Şamaxı, Şirvan, Bərdə və Xaçmaz rayonlarında da təşkil edilib. Komitə tərəfindən belə maarifləndirici tədbirlər ilin sonunadək davam etdiriləcəkdir.