Müsabiqədə iştirak etmək üçün iki iddiaçı tərəfindən ərizə və investisiya təklifləri təqdim edilmişdir. Azərbaycan Respublikasının aidiyyəti nazirlik və təşkilatlarından nümayəndələrin daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən, hər iki iddiaçı iştirakçı statusu əldə etmişdir.
Komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri investisiya təkliflərinə 06 aprel 2018-ci il tarixində baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul etmişdir. Səsvermənin nəticələrinə uyğun olaraq, fiziki şəxs V.A.Qurbanov “Muğansikinti” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilmişdir.
Müsabiqə qalibi ilə 25 aprel 2018-ci il tarixində imzalanmış alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq, qalib şəxs dövlət büdcəsinə 400 000 manat məbləğində pul vəsaitinin köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən, üç ay ərzində müəssisəyə 355 000 manat məbləğində investisiya qoyuluşunun həyata keçirilməsini öhdəsinə götürmüşdür.
Müsabiqə qalibinin təqdim etdiyi İnvestisiya Proqramına əsasən, müəssisənin tikililərində yenidənqurma və təmir-bərpa işlərinin aparılması, yeni müasir avadanlıq və texnikaların alınması, mövcud avadanıq və texnikaların təmirinin həyata keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, ərazinin abadlaşdırılması və müəssisədə 50 yeni iş yerinin yaradılması planlaşdırılır.