Daha aşağı investisiya ilə qeyri-yaşayış sahələri də özəlləşdirilib. Sumqayıt şəhərində yerləşən ümumi faydalı sahəsi 20 kv.m-ə yaxın olan qeyri-yaşayış sahəsi belə əmlaklardandır. Adı çəkilən obyekt 6 min manata sahibini tapıb. Bundan başqa paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinin də ilkin start qiyməti investorlar üçün sərfəli olub. Belə ki, ümumi faydalı sahəsi 60 kv.m-dən çox olan zirzəmiyə edilən təklif 7 min 500 manat təşkil edib. İqtisadi aktivliyin müşahidə edildiyi Bakının Səbail rayonundakı qeyri-yaşayış sahəsi də ərazi mövqeyi baxımından münasib qiymətə özəlləşdirilib. Belə ki, ümumi faydalı sahəsi 65 kv.m-ə yaxın olan həmin əmlaka edilən təklif 12 min 500 manat olub.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Qeyd edilməlidir ki, cəlb edici əmlaklara iyunun 5-də keçiriləcək növbəti hərracda da sahib ola bilərsiniz. Sumqayıt şəhərinin Bağlar massivində yerləşən “Laçın restoranı” kifayət qədər gəlirli obyektlərdəndir. Həmin əmlakın ümumi faydalı sahəsi 500 kv.m-ə yaxın torpaq sahəsi isə 2 min kv.m-dən çoxdur.
Tikinti sahəsində də investorlar üçün maraqlı əmlaklar var. Gəncə şəhərində yerləşən “Beton və məhlul istehsal edən sahə” sahibini yaxşı qazanc gətirə bilər. Əmlakın ümumi faydalı sahəsinin 300 kv.mdən çox olması, torpaq sahəsinin isə 4 min kv.m-ə yaxın olması investora əlavə iqtisadi imkan yaradır.
Bundan başqa investorlar ayrı-ayrı iqtisadi sahələrdə fəaliyyət göstərən səhmdar cəmiyyətlərin səhm paketini də özəlləşdirə bilərlər. Tikinti sferası üzrə biznesə başlamaq istəyənlər üçün “Zaqatala Sənaye Kombinatı” olduqca cəlb edicidir. Müəssisə dəmir-beton məmulatlarının istehsalı və tikinti işlərini həyata keçirib.
Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərracda həm iştirakçı qismində qatıla, həmdə ziyarətçi olaraq canlı izləyə bilər.